Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir.
Teleqraf.com-un məlumatına görə, 30 il əvvəl - 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT ailəsinin bərabərhüquqlu üzvünə çevrilib, bununla da beynəlxalq ictimaiyyətdə layiqli təmsil olunmaq imkanı qazanıb. Ötən dövr ərzində Azərbaycan-BMT tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edib.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan BMT platformalarında irəli sürdüyü qlobal təşəbbüsləri ilə fərqlənən və böyük dəstək qazanan qabaqcıl ölkələrdən biridir.
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin davamlı inkişafı sahələrində əldə etdiyi tərəqqi ayrıca vurğulanıb.
Sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır və bir-birini gücləndirir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində BMT-yə üzv dövlətlər inkişaf üçün sülhün vacibliyini yekdilliklə qəbul edib. Hazırda Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma və bərpa işləri aparır, ən qabaqcıl standartları, alətləri və texnologiyaları tətbiq etməklə fəaliyyətini ardıcıl şəkildə genişləndirir və sürətləndirir. Bu baxımdan davamlı inkişaf prinsiplərini rəhbər tutaraq azad edilmiş ərazilərdəki dirçəliş prosesinin Davamlı İnkişaf Məqsədlərinə ölkəni daha da yaxınlaşmasını təmin etmək Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün vaxtında, təsirli və adekvat tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan pandemiya, “peyvənd millətçiliyi”nə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində də mühüm qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunələridir. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı edib. Azərbaycan həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edən ölkə kimi post-COVID-19 dövrünün müzakirəsi üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində çalışır.
Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın Mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə şəhəri simvoludur.
Toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəlib, hava limanı ilə yaxından tanışlıqdan sonra, “Zəfər yolu” ilə Şuşaya çatıblar.
Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir.
Toplantı çərçivəsində müzakirələr 2 panel üzrədir. Birinci paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçiriləcək. Burada keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi, “yaşıl enerji” potensialından istifadə, humanitar mina fəaliyyəti və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. İkinci paneldə isə COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, post-pandemiya reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın qlobal təşəbbüsləri kimi məsələlər müzakirə ediləcək.
Toplantıda Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndirici, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri təmsil olunur.
***
11:04
Bu gün Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, toplantı iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Burada hava limanı ilə yaxından tanışlıqdan sonra “Zəfər yolu” ilə Şuşaya yola düşəcəklər.
Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir.
Heyətdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alır.
* * *
09:48
Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.
“Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq”, - o bildirib.