8 Mart 2022 11:58
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 Mart Beynəlxalq Qadınlar Günü bütün şəhid analarının gözü yolda qalacaq, sonra divarda çərçivələnmiş şəkillərə baxıb ürəklərindəki nisgili ovundurmağa çalışacaqlar. İgid balamla qürur duyuram, qorxmadı, əyilmədi, böyük bir qəhrəmanlıq dastanı yazdı deyib özlərinə təsəlli verəcəklər. Martın 8-də dünyaya gələn Svetlana Paşayeva da bu tarixi ürək ağrısıyla yada salacaq. Axı 22 yaşlı oğlu söz vermişdi ki, bu il onun üçün böyük bir ad günü keçirəcək. Bütün ailə süfrə başına yığışacaq, ən gözəl təbriki və ən gözəl hədiyyəni özü ona alacaq. Sözünün əri olan Abdulla vədinin üstündə dayanır, özü gələ bilməsə də, anasının qollarına bütöv Azərbaycan böyüklüyündə qürur və fəxarət bəxş edir.

Döyüşün ilk günü şəhidlik zirvəsinə ucalan Abdulla Paşayevin anası Svetlana Paşayeva Publika.az-la oğlu haqqında xatirələrini bölüşüb.

“Qonşular dedi ki, müharibə başlayıb, xəbərin var?.. Dərhal Abdullaya yığdım. Telefonu bağlı idi, neçə dəfə yığdım açmadı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getmək istədim. Bibiləri, oğlum Rəhim təsəlli verdi ki, yaralıdır, narahat olma, Gəncəyə gətirəcəklər. Səhər saat beşdə polislər gəldi, Rəhimə dedim ki, gedək Abdullanı qarşılayaq, yaralıdır. Aşağı düşəndə gördüm ki, bayrağa bükülmüş tabutunu gətirdilər... Sən demə, şəhid olduğunu hamısı bilirmiş”.

Abdulla və Rəhim Paşayev əkiz qardaşları hərbi xidməti Beyləqanda birlikdə çəkib. Ali təhsili olan Rəhim bir il sonra evə qayıdır, Abdulla isə orta ixtisas təhsilli olduğundan vətən borcunu çəkməyə davam edir və tərxis olunmasına 3 ay qalmış Vətən müharibəsinin birinci günü aldığı mərmi qəlpəsindən şəhidlik zirvəsinə ucalır.

“Oğullarım əkizdir, 24 iyul 1998-ci ildə Gəncə şəhərində dünyaya gəliblər. Abdulla 8 yaşından idmanla məşğul olub, boks üzrə keçirilən yarışlarda bir neçə dəfə qalib olub. Humanitar Kollecin Bədən tərbiyəsi fakültəsini bitirib. Həyat yoldaşımı gənc yaşda itirmişəm, övladlarımı əzab-əziyyətlə böyütmüşəm, 3 uşaq oxutmuşam. Bibiləri çox dəstək olub.

Hərbi xidmətə yola düşməzdən əvvəl söz verdi ki, hazırlaşıb universitetə qəbul olacaq, arzuları yarım qaldı. Füzuli uğrunda gedən döyüşlərdə sol gözünün altına mərmi qəlpəsi dəyməsi nəticəsində beyin qanamasından şəhid oldu, 22 yaş nə idi ki? Allah heç bir anaya bala dağı göstərməsin, çox ağırdır, bu yükü qaldıra bilmirəm. Bütün şəhid ailələrinə səbir diləyirəm.

Abdulla göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib, eyni zamanda Füzuli uğrunda gedən döyüşlərə görə Fəxri Fərmanla mükafatlandırılıb. Qəbələ, Sumqayıt, İsmayıllı, Bakı və digər şəhərlərdən əsgər yoldaşları Abdullanın məzarını tez-tez ziyarət edir, sonra gəlib mənə başsağlığı verirlər. Abdulla silahdaşlarının uzaqgörən yoldaşı olub. Buna görə də ona “ağsaqqal” ləqəbi qoyublar. Yalanla arası olmayan düzgün əsgər idi, heç kəsin qəlbinə dəyməzdi. Qardaşları və bacıları həmişə onunla məsləhətləşərdi. Abdulla ilə Rəhim əkiz olsa da, xasiyyətləri çox fərqlənirdi. Abdulla daha iddialı, daha sərt insan idi, Rəhim isə nisbətən utancaq və mülayim xasiyyətlidir”, - şəhid anası bildirib.

Abdulla kimi cəsarətli bir oğul böyütməsi ilə qürur duyan şəhid anası son görüşü göz yaşları ilə yada salıb:

“2020-ci ilin yanvarında ikisi də məzuniyyətə gəlmişdi. Balamı sonuncu dəfə keçən il yanvarda görmüşəm. 8 martda 60 illik yubileyim olacaqdı, yola salanda dedi ki, icazə verməsələr də, gəlib anamı təbrik edəcəm. Atalarının goruna and verdim ki, icazə verməsələr, gəlmə. İnşallah əsgərliyini bitirdikdən sonra 61 yaşımı birlikdə qeyd edərik. İcazə ala bilməsə də, söz verdi ki, bu il mənim üçün yaddaqalan bir ad günü keçirəcək. Bərk-bərk öpüb yola saldım... Pandemiyaya görə, bacısının nişanına da gələ bilmədi. Hər işi daşdan çıxırdı... Bununla belə heç vaxt ruhdan düşməzdi”.

Müharibədən bir gün əvvəl ailəsi ilə danışıb vidalaşan Abdulla son vəsiyyətini qardaşına edib:

“Müharibəyə getdiyini bizdən gizlətsə də, vəsiyyətini qardaşına deyib. Qızımı da, məni də Rəhimə tapşırıb, həm də deyib ki, şəhid olsam, sən də adını könüllü yazdır və müharibəyə get. Dəfnindən bir neçə gün sonra Rəhim də məndən xəlvət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsinə gedib. “Qardaşının dəfnindən 10 gün keçməyib, lazım olanda özümüz çağıracağıq” deyiblər”.

Şəhid anası dövlətin gördüyü işlərdən də danışıb:

“Dövlət qurumlarının nümayəndələri, Qarabağ əlilləri, din xadimləri bizi ziyarət edir. Qızımı da işə düzəldiblər, sağ olsunlar”.

Aytən Məftun
Bu yazı "Qadın Konsensus Mərkəzi" İctimai Birlyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Şəhid ailələrin sosial problemlərinin həllinə dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər