29 Aprel 2022 09:05
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rasim müəllim, Qarabağ ətrafında həm Avropa İttifaqı, həm də Rusiya vasitəçiliyində danışıqlar prosesi aparılır, ABŞ da nümayəndəsini bölgəyə göndərir. Bu baxımdan hazırda danışıqlar və razılaşmalar haqqında nə demək olar?

- Fikrimcə, indi iki xətt üzrə müəyyən səylər həyata keçirilir. Biri rus xəttidir, hansı ki, üçtərəfli bəyanatdan başlayıb, sonra iki bəyanat da qəbul edilib. İndi də problemin həllində tərəflərə kömək etmək üçün xüsusi nümayəndə təyin ediblər. Rusiya baş nazirinin müavini Overçuk Bakıda olub. Yəni Rusiya tərəfindən səylər müşahidə olunur.

Avropa İttifaqı daha çox danışıq platformasını təşkil edir. Yəni Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ortaya təklif qoymur, sadəcə deyir ki, görüşün müzakirələr aparın, razılaşın. Yəni çalışır ki, tərəflərə müsbət təsirlər göstərsin. Bir daha qeyd edim ki, cənab Mişel ortalığa nə bəyanat qoyur, nə də özünün təkliflərini səsləndirir, çalışır ki, tərəflər özü bir araya gələrək sülh sazişi bağlasın. Amma Prezident Putin deyirdi ki, 10 noyabrda imzalanan üçtərəfli sazişi oturub əlimlə yazmışam. Sözsüz ki, tərəflərin rəyini də nəzərə almışdı. Avropa Birliyi isə belə sənədlər hazırlamır. Deyir ki, siz özünüz müzakirə aparın, biz hər cür dəstək verməyə hazırıq.

Üçüncü tərəflər isə sadəcə olaraq regiona gəlirlər, mövcud olan danışıq proseslərinə dəstəyini ifadə edirlər. Məsələn, bundan sonra Fransa nümayəndəsi nə edə bilər, eləcə də ABŞ? Heç ABŞ bu saat bu mövzuda maraqlı da deyil. Çünki hamısının başı Ukraynaya qarışıb.

- Deməli, Moskva ilə Brüssel arasında həm də rəqabət mühiti formalaşır...

- Aydındır ki, Rusiya istəməzdi ki, kölgədə qalsın və proseslər Avropa müstəvisində irəliyə aparılsın. Ona görə Nikol Paşinyanı Moskvaya çağırdı. Eləcə də bu işlə məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdi. Çünki indi nə Putinin, nə də Lavrovun gündəlik bu problemlə məşğul olmaq imkanı və vaxtı yoxdur. Onların da başı Ukrayna məsələsinə qarışıb. Bu səbəblərdən də xüsusi nümayəndə təyin ediblər. Bu nümayəndə də regiona səfər edəcək, tərəflərlə müzakirələr aparacaq, Rusiyanın istək və ya təkliflərini çatdıra bilər. Amma bir daha təkrar edirəm, məsələ daha çox ikitərəfli danışıqlara keçməlidir.

- İkitərəfli danışıqlar dedikdə konkret nəyi nəzərdə tutursunuz?

- İkitərəfli danışıqlar aparılmalıdır, biz heç kəsdən layihə götürüb onun üzərində işləmək niyyətində deyilik. Necə danışmışıqsa, İrəvan zəhmət çəkib sərhədlə bağlı komissiya formalaşdırsın. Bundan sonra birgə komissiya görüşməli, iş qrafiki qurmalı, mütəmadi görüşləri üçün yer müəyyən etməlidirlər. Ardıcıllıqla da bu iş aparılmalıdır. Eyni zamanda biz nəqliyyatla bağlı qərar gözləyirik. Avtomobil yolunun giriş və çıxışı nöqtəsini nəzərdə tuturam. Bu günə qədər onlar bir söz deməyiblər. Biz onlara deyirik ki, əgər bunu etməsəniz başınız ağrayacaq. Biz həm də İranla razılaşmışıq, bu yolu açacağıq. Amma ermənilər bunu etməyəcəkləri təqdirdə 2 ildən sonra Laçın yolundan hansı şərtlərlə istifadə etmələri ürəklərincə olmayacaq. Odur ki, biz indi onlardan avtomobil yoluna dair konkret qərar gözəyirik.

Aydındır ki, nümayəndə heyəti kimi bizdən Xarici İşlər Nazirliyi və prezidentin köməkçisi ikitərəfli sülh müqaviləsini hazırlamaq və sənədin üzərində işləmək üçün görüşüb müzakirə aparmalı, işləməlidir. Azərbaycan bu məsələdə qəti davranır. Əlbəttə, bu işlərdə də bizə kənardan hansısa hazır layihəyə ehtiyacımz yoxdur.

- Sülh sənədini iki ölkə birlikdə hazırlamalıdır?

- Azərbaycan öz təklifini irəli sürüb. Beynəlxalq hüquqa söykənən 5 prinsipi Ermənistana təqdim edib. Bu, Azərbaycanın deyil, beynəlxalq hüquqda öz əksini tapan prinsiplərdir. Bütün dövlətlər öz ilk müqavilələrini bağlayarkən bu prinsiplərə istinad edirlər.

- Ermənistan buna gecədəkmi, yoxsa yenidən vaxt uzatmaqla münasib mövqe əldə edəcəyinə inanır?

- Nikol Paşinyan anlayır ki, onun ümidi Rusiyaya idi, amma Rusiyanın həm başı qarışıb, həm də gələcəyi nəməlumdur. Belə olacağı təqdirdə rus sülhməramlıları Ukraynadakı vəziyyətdən asılı olaraq günün birində təcili çıxıb ora gedə bilərlər. Bu halda Paşinyan nə edəcək? Anlayır ki, bunların hamısı problem yarada bilər.

İkincisi, Nikol Paşinyanı başa salıblar ki, Azərbaycanın ərazi bütövlüyünü tanımadan, ümumiyyətlə Qarabağdan əl çəkmədən heç kəs onunla Qarabağ müzakirəsini aparmayacaq. Qısacası, anladıblar ki, Qarabağ ermənilərinin hüquqları, təhlükəsizliyi kimi mövzuları dilə gətirmək və müzakirə aparmaq üçün mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımalısan. Üstəlik silahdan istifadə etməklə bu hüquqlara dair mübarizə Avropa üçün də qeyri-məqbuldur. Başqa sözlə, Avropada qayda budur. Ərazi iddialarından əl çəkilməlidir, üstəlik hüquqlar uğrunda mübarizə silahla aparıla bilməz. Avropada qayda belədirsə, burada həmin qayda niyə dəyişilməlidir?

- Amma rusların da bu məsələdə mövqeyinin necə olması xüsusi əhəmiyyətə malikdir...

- Rusların mövqeyi belədir ki, vəziyyət nə qədər mümkündürsə uzadılsın. Konkret olaraq nəqliyyat xətti özünə də lazımdır. Ona görə burada qərar verməkdə daha çox maraqlıdır. Məsələn, sərhədlərin müəyyənləşdirilməsinə dair danışıqlar başlasa da, rusların fikrincə, bu 20 il də davam edə bilər. Sülh danışığı da başlanmalıdır, amma nə qədər çəkəcəyini Allah bilər. Nəzərə alın ki, Rusiya 75 ildir ki, Yaponiya ilə sülh danışığı aparır. Hələ də aralarında sülh müqaviləsi yoxdur.

- Son anda Paşinyan rus xəttini seçəcək, yoxsa Avropa modelini?

- Paşinyan adətən çevik mövqe dəyişən siyasətçidir. O da dünyanın dəyişdiyini müşahidə edir. Fikrimcə, Paşinyan həm daxildə balansa, həm də xaricdəki vəziyyətin necə olmasına uyğun olaraq davranış ortaya qoyacaq.


Müəllif: Nemət Orucov