“Ermənistan və Rusiya üçtəfəfli bəyanatın tərəfləri kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyəcəkləri təqdirdə, Azərbaycan xarici siyasət istiqamətləri ilə bağlı ciddi qərarlar qəbul edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Ermənistan müxalifətinin xarici qüvvələrin təkidi ilə Baş nazir Nikol Paşinyana təzyiqləri artırdığını bildirib:
“Məlum olduğu kimi, dünən terrorçu, qaniçən Robert Köçəryanın “sağ əl”i sayılan Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Bu gün yayılan məlumata görə, məlum olayla bağlı cinayət işi qaldırılıb.
Xatırlatmaq yerinə düşər ki, Samvel Karapetyan erməni cəmiyyətində cani və Robertin cəlladlarından biri kimi tanınır. Məşhur Mart hadisələri (2008-ci il) zamanı Karapetyan özünün birbaşa rəhbərliyi ilə 20 nəfərlik qrupu həmin vaxt prezident iqamətgahının zirzəmisində gizlətmişdi. 1 mart mitinqləri zamanı məhz həmin dəstənin üzvləri müxalifətin, o cümlədən Ter-Petrosyan və Paşinyanın tərəfdarlarına atəş açmışdı.
Görünən odur ki, atəş açmaqda və terrorda xüsusi təcrübələri olan Robert Köçəryan, Samvel Karapetyan, Serj Sərkisyan bəzi xarici dairələrdən uzun müddətdən sonra aldıqları xeyir-dua ilə Nikol Paşinyana qarşı genişmiqyaslı təzyiqə başlayıblar. Belə çıxır ki, İrəvanda, Gümrüdə, Üçkilsədə və sair regionlarda davam etməkdə olan aksiyalar Xankəndiyə də təsirsiz ötüşməyəcək”.
Zaur Məmmədovun fikrincə, bu kontekstdə, yaxın vaxtlarda revanşist qüvvələr məqsədlərinə çatmayacaqları təqdirdə, Qarabağdakı ermənilər arasında da bölgü aparılacağı istisna deyil:
“İddiaya görə, Robert yaxın ətrafı vasitəsilə Arutyunyandan mövqe nümayiş etdirməyi tələb edib. Dünən Samvel Karapetyan tərəfindən açılan atəş də separatçılar arasında vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndində daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir. Bu xüsusda istisna etmirəm, hətta əminəm ki, son günlərdə Kəlbəcər istiqamətində Azərbaycan ordusuna qarşı törədilən təxribatın arxasında da mart ayında Fərrux kəndindəki təxribatda olduğu kimi məhz Köçəryan dayanır. Köçəryan və komandası bununla “sərhəddəki mümkün uğursuzluq” fonunda Paşinyanın ictimaiyyət qarşısındakı reytinqini silkələmək istəyir.
Bu təcrübə yeni deyil, bundan əvvəl sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidəki təxribat nəticəsində Paşinyana ciddi şəkildə təzyiqlər edilmişdi. Hətta Paşinyan sülhməramlıları günahlandıran bəyanatlar da vermişdi.
Hazırda müəyyən dövlətlər və müxalifət Paşinyanı devdirmək üçün “münasib vaxt” seçiblər. 1998-ci ildə olduğu kimi, bu dəfə də Azərbaycan və Ermənistan arasında ciddi danışıqların getdiyi vaxtda Robert Köçəryan keçmiş təcrübəsini ikinci dəfə təkrarlamaq və legitim hakimiyyəti kürsüdən qovmaq iddiasına düşüb. Tarix yenidən təkrarlanır. Sadəcə indi Ter- Petrosyanın yerində Paşinyandır. Radikal müxalifətin arxasında isə, elə həmin xarici dairələr və daxildəki qaniçən sosial bazadır”.
Politoloqun iddiasına görə, Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər:
“Ermənilər əmin olmalıdırlar ki, Paşinyanın mövcud vəziyyət fonunda üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi və ya onun yerinə keçə biləcək hakimiyyətin “öhdəlikləri biz götürməmişik, xain Paşinyan götürüb” kimi mümkün iddiaları yeni müharibəni labüd edəcək.
Ermənistan və Rusiya üçtəfəfli bəyanatın tərəfləri kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyəcəkləri təqdirdə, Azərbaycan xarici siyasət istiqamətləri ilə bağlı ciddi qərarlar qəbul edəcək”.