15 İyun 17:29
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir il əvvəl Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi göstərdi ki, bu, Ukraynada başlayan qlobal mərkəzlərin savaşı fonunda ən yaxşı membran imiş”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Əziz Əlibəyli deyib.

Ekspert bir il əvvəl iyunun 15-də iki ölkə arasında imzalanmış müttəfiqliyə dair bəyannamənin ölkəmiz üçün üstünlüklərinə diqqət çəkib:

“Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji hərbi-texniki əməkdaşlığı əhatə edən bəyannamənin imzalanması müharibənin uğurlu nəticələrini qorumaqla yanaşı, Qafqazda yeni formalaşan geosiyasi mənzərədə iki ölkənin maraqlarının müdafiəsi və “üçüncü əllər”in müdaxiləsinin qarşısını ala bildi.

Müqavilədən dərhal sonra Rusiya və Türkiyə diplomatik cəbhəsində yaranan toqquşma və ardınca başlanan əməkdaşlıq göstərdi ki, Türkiyə hərbi güc kimi Qafqazda, Qarabağda öz yerini aldı və burda iki qlobal gücdən başqa digər qlobal mərkəzlər təsir mexanizmlərinə malik deyil.

Azərbaycan ordusunun Türkiyənin dəstəyi NATO səviyyəsində inşası, xüsusi təyinatlı qüvvələrdən ibarət hərbi hissələrin yaradılması baş verdi.

Türkiyə Azərbaycanda türk hərbi mütəxəssilərdən ibarət daimi qrup/mərkəz formalaşdırdı.

Hərbi-siyasi üstünlüyü elmi-hərbi-texniki sferalarda da davam etdirmək üçün Teknofest kimi möhtəşəm tədbir keçirildi.

Şuşa bəyannaməsi göstərdi ki, bu, Ukraynada başlayan qlobal mərkəzlərin savaşı fonunda ən yaxşı membran imiş.

Şuşa bəyannaməsi onu da ortaya çıxardı ki, müqavilə imzalanarkən bölgədə yaranmış həssas regional vəziyyət nəzarət altına alınıb, xüsusi hərbi əməliyyatlar üçün nəzərdə tutulan vəziyyətin icrasına ehtiyac qalmayıb. Bu, özündə həm də Türkiyənin Azərbaycanda hərbi baza açmaq məsələsini də əhatə edir.

Şübhəsiz ki, məhz Şuşa bəyannaməsi ilə Azərbaycan bölgədə diktə edən ölkəyə çevrildi və digər qlobal güclərə adekvat cavab verməyə başladı”.


Müəllif: Mənsur Rəğbətoğlu