15 İyun 16:07
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il NATO-nun Brüsseldəki toplantısında iştirakdan sonra birbaşa Şuşaya gəldi. Ərdoğan Brüsseldə mətbuat konfransını bu sözlərlə bitirmişdi: “Azərbaycana gedirəm”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında iyunun 15-də Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanıb.

Elxan Şahinoğlu bildirib ki, sənəddə iqtisadi, energetika, tranzit-nəqliyyat məsələləri ilə yanaşı, iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsinə dair də mühüm bəndlər yer alıb:

“Bu bəndlərə görə, Türkiyə ilə Azərbaycan birgə hərbi texnika istehsal edəcək, Türkiyə Azərbaycanda pilotsuz uçan aparatları istehsal edəcək və Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şuraları fəaliyyətlərini koordinasiya edəcəklər.

Bir il ərzində iki ölkənin Təhlükəsizlik Şuraları birgə toplantı keçiriblər. Bundan başqa, bu ilin mayın 13-də Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları arasında anlaşma memorandumu imzalanıb. İki ölkənin müxtəlif hərbi texnikaların və PUA-ların birgə istehsalıyla bağlı müzakirələr davam edir.

Beləliklə, tarixi Şuşa bəyannaməsi Qarabağ da daxil olmaqla bütün Azərbaycanın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. 1921-ci il Qars bəyannaməsinə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Qars bəyannaməsindən 100 il sonra imzalanan Şuşa bəyannaməsinə görə Türkiyə artıq bütöv Azərbaycanın təhlükəsizliyinin təminatçısına çevrildi. Bu, erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı, qarşısında Türkiyəni də görəcək. Türkiyənin Şuşada açacağı baş konsulluğu bu şəhər və ümumilikdə Qarabağın təhlükəsizliyi baxımından faydalı olacaq.

Rəcəb Tayyib Ərdoğanın Qarabağ və Şuşaya səfəri və İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri qorxutdu. Ermənistanın Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə bəyannamənin əleyhinə açıqlamalar yayımladı. Rusiya rəsmi səviyyədə Şuşa bəyannaməsinin əleyhinə çıxmadı. Ancaq Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsinin və Türkiyənin Qarabağda möhkəmlənməsinin Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirməyə başladılar.

Azərbaycanın qarşısında dayanan vəzifə bir il öncəki kimi eynidir: İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halına gətirilməli, Qarabağda separatçılar tərksilah edilməli, Ermənistanla sərhəd tam nəzarətə götürülməli, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin edilməli və Zəngəzur dəhlizini işə salınmalıdır”.

Elxan Şahinoğlu Türkiyə liderinin Şuşadakı çıxışına da diqqət çəkib:

“Ərdoğan Şuşada İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Ermənistana çağırış etmişdi: “Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir”.

Ərdoğan daha əvvəl təklif etdiyi 3+3 əməkdaşlıq platformasını xatırlatdı: “Bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır”.

Ərdoğan bununla demək istədi ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından vaz keçib hər iki qonşusunun ərazi bütövlüyünü tanısa, sərhədlər açıla və diplomatik münasibətlər qurula bilər. Eyni zamanda, bu mesajı verdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmamalı və tam əksinə özü bu dəhlizdən istifadə etmək imkanı qazanmalıdır.

Üstündən bir il keçsə də, Ermənistan Ərdoğanın Şuşada söylədiyi konstruktiv təkliflərə müsbət cavab verməyib. Doğrudur, bu bir ildə Türkiyə və Ermənistan təmsilçiləri arasında bir neçə görüş keçirilib, ancaq Ermənistan hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməyib, Zəngəzur dəhlizinin açılmasına razılaşmayıb, 3+3 plaftormuyla bağlı da ciddi irəliləyiş yoxdur.

Ərdoğan Şuşadan sonra Bakıya gəldi və iyunun 16-da Azərbaycan parlamentində çıxış etdi. Ərdoğan çıxışında bir sıra məsələlərə toxundu. Ərdoğan dedi ki, Türkiyə bütün imkanlarıyla Azərbaycanın yanındadır, Qarabağı birgə inşa edəcəyik və Şuşa türk dünyasının mədəniyyət paytaxtıdır.

Ərdoğan Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağırış edərək, 3+3 platformasından onun da qazanclı çıxa biləcəyini dedi. Ərdoğan Ermənistanın Zəngəzur dəhlizindən istifadə edərək Rusiyaya çıxış imkanı qazanacağını xatırlatdı. Ərdoğan bundan başqa Türkiyənin Ermənistanla sərhədi aça biləcəyinə işarə etdi. Türkiyə lideri onu da xatırlatdı ki, sərhədin açılması birinci növbədə Ermənistanın xeyrinədir.

Ərdoğan 3+3 formatında zəif bəndin heç də Ermənistan olmadığını, Gürcüstan olduğunu bildirdi və bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmir yolu da işləmir. Buna baxmayaraq, Ərdoğan Ankarada olan Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə təklif etdi ki, onun ölkəsi də “Altılıq” platformasına qoşulsun. Qaribaşvili düşünəcəyini desə də, Tiflisin 3+3 platformasıyala bağlı münasibəti bu günə qədər dəyişməyib. Gürcüstan işğalçı Rusiya ilə eyni platformada yer almaq istəmir”.

Ekspert vurğulayıb ki, Ərdoğan NATO toplantısı, amerikalı həmkarı Co Baydenlə görüşünün yekunları, o cümlədən Azərbaycanla tarixi Şuşa bəyanaməsinin imzalanmasına dair türkiyəli jurnalistlər üçün mətbuat konfransı keçirdi:

“Ərdoğan jurnalistlərdən birinin “Azərbaycan Prezidenti İlham Əliyev Şuşa bəyannaməsini Qars anlaşmasına bənzətdi. Azərbaycan cəmiyyətində Türkiyənin Azərbaycan hərbi baza yaratması tələbi var. Yeni anlaşma çərçivəsində Türkiyənin Azərbaycanda hərbi bazanın yaratması mümkündürmü? Şuşa bəyannaməsi hərbi bazanın yaradılmasını nəzərdə tuturmu” sualınma belə cavab verdi: “Bu imzaladığımız sənədin çərçivəsindədir. Bəyannaməni yeni bəndlərlə genişləndirə bilərik”.

Türkiyənin Azərbaycanda hərbi bazalarının varlığı bir il öncə olduğu kimi bu gün də aktualdır. Şuşa bəyannaməsi buna tam şərait yaradır. Bu həm Azərbaycanın, həm Türkiyənin, həm də ən önəmlisi Türkiyə-Azərbaycan hərbi ittifaqınını tələblərinə cavab verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Türkiyənin Azərbaycanda hərbi baza yaratması istəyinə hədələməklə reaksiya vermişdi: “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq. Rusiya Türkiyənin hərbi baza qurmaq istəyini yaxından təqib edir. Türkiyənin bu həmləsi qarşısında Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addımlar atmalı olacaq”.

Rusiyanın Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına qarışmağa hüququ yoxdur. Birincisi, bu Azərbaycanın daxili işidir. İkincisi, Rusiyanın Ermənistanda hərbi bazası varsa, Türkiyənin Azərbaycanda niyə hərbi bazası olmamalıdır?”


Müəllif: Mənsur Rəğbətoğlu