25 İyun 18:00
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun həyata keçirdiyi müasir döyüş əməliyyatları dünyanın hərb sənayesi komplekslərinin prioritetlərini dəyişdi.

Bunu 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı Teleqraf.com-a danışan siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert ötən illərdə Azərbaycanda peşəkar ordu quruculuğu yönündə görülən işlərə diqqət çəkib:

“Baxmayaraq ki, Birinci Qarabağ Müharibəsində bizi məğlubiyyətə məhkum etmişdilər, amma Azərbaycanda ordu və hərb sənətinə olan maraq heç vaxt əskilməyib. 70 illik sovet dönəmində bunu genetik yaddaşımızda boğmağa çalışsalar da, bu tarixi yaddaş kifayət qədər möhkəm olduğu, eyni zamanda, xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafını düşündüyü üçün hərb sənətini xalqın yaddaşından silmək mümkün olmadı.

Sovet dönəmində azərbaycanlıları mümkün qədər hərb sənətindən kənarda saxlamağa çalışırdılar. Ola bilsin ki, o dövrdə mərkəz Azərbaycan türklərinin tarixdə dəfələrlə dövlətlər, imperiyalar qurduğu faktlarına istinad edərək bu addımı atırdı. Hətta o illərdə hərbi xidmətə çağırılan azərbaycanlıları inşaat dəstələrinə göndərməyə cəhdlər edilirdi. Məqsəd yenə də bizi hərb sənətindən aralı saxlamaq idi. Amma buna baxmayaraq, Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra hərb sənətinin sirlərinin azərbaycanlılara öyrədilməsi üçün bir neçə addım atıldı. Şübhəsiz ki, bunlardan biri Cəmiş Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Daha sonra Hərbi Dənizçilik Məktəbi, Quru Qoşunları Ali Məktəbi yaradıldı. Həmin dövrdə azərbaycanlıların bu hərbi məktəblərdə təhsil almaları prioritet hesab edilirdi. Gizli də olsa, bu barədə konkret təlimatlar verilmişdi. Eyni zamanda, bu illərdə azərbaycanlılar SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə təhsil almaq üçün göndərilməyə başlanıldı. Həmin şəxslər sonradan Azərbaycan ordusunun qurulması prosesində iştirak etdilər.

Azərbaycan Silahlı Qüvvələrinin son 20 ildə keçdiyi yola nəzər salsaq, bu prosesin tamamilə fərqli istiqamətdə getdiyinin şahidi ola bilərik. Xüsusən də Azərbaycan ordusunun ən müasir döyüş taktikasına yiyələnməsi ilə bağlı atılan addımlar, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, eyni zamanda, ən müasir texnikalar və biliklərə yiyələnməsi ilə əlaqədar həyata keçirdiyi tədbirlər ordumuzun döyüş qabiliyyətinin formalaşmasına zəmin yaratdı. Bu, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması prosesində üçüncü mərhələ hesab oluna bilər. Bu strateji düşüncə və uzaqgörən addımların nəticəsidir ki, 44 günlük müharibə bizim qələbəmizlə başa çatdı”.

Elçin Mirzəbəyli Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində tədbirlərin ardıcıl davam etdiyini söyləyib:

“Qənaətimə görə, artıq Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında dördüncü mərhələ başlayıb. Bu istiqamətdə çox ciddi addımlar atılır. Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə keçidi yönündə tədbirlər həyata keçirilir, komando birlikləri yaradılır. Bundan başqa, ən ağır şəraitlərdə döyüş əməliyyatları keçirə bilən xüsusi qruplar formalaşdırılır, Azərbaycan hərbçilərinin texniki bilikləri inkişaf etdirilir. Hərbçilərimizin dünyada hərb sənətində baş verən yeniliklərlə tanış olmaları istiqamətində addımlar atılır.

Bəlli olduğu kimi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun həyata keçirdiyi müasir döyüş əməliyyatları dünyanın hərb sənayesi komplekslərinin prioritetlərini dəyişdi. Azərbaycan artıq bu istiqamətdəki yeni prioritetlərini müəyyən edir, köhnələri möhkəmləndirir və yenilərinin formalaşdırılması istiqamətində ardıcıl və ciddi addımlar atır.

Belə bir gündə ilk növbədə şəhidlərimizi, Azərbaycanın peşəkar və döyüşkən milli ordusunun formalaşması prosesinin əsasını qoyan Ulu öndəri ehtiram və sayğıyla anırıq. Silahlı Qüvvələrimizin Ali Baş Komandanına, qazilərimizə, əsgər, gizir və zabitlərimizə təşəkkürümüzü bildiririk. Azərbaycan bayrağını daim yüksəklərdə ucalda bilən, daha böyük qələbələrə imza ata biləcək potensialda olan ordumuzun olduğuna inanırıq. Şübhə etmirəm ki, Azərbaycan Silahlı Qüvvələri əbədiyyətə qədər dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin edə biləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu