Rəsmi Moskva Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır, ziddiyyətlərin həlli müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həyata keçirilməlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Biz tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırırıq. Güman edirik ki, mövcud ziddiyyətlərin həlli yalnız siyasi və diplomatik vasitələrlə, tərəflərin mövqeləri nəzərə alınmaqla və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli bəyanatının müddəalarına ciddi riayət edilməklə həyata keçirilməlidir”, - açıqlamada bildirilib.
Nazirlik qeyd edib ki, Rusiya gərginliyin artmasından həddindən artıq narahatdır.
Rusiya XİN-in açıqlamasında “təmas xətti” cəfəngiyyatına da yer verilib:
“Laçın dəhlizində və qoşunların təmas xəttinin digər hissələrində gərginliyin artması ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Təəssüf ki, ölənlər var. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”.
Rusiya XİN hesab edir ki, tərəflərin səyləri mövcud üçtərəfli danışıqlar formatları çərçivəsində Bakı və İrəvan arasında münasibətlərdə müsbət gündəliyin formalaşmasına cəmlənməlidir.