Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır, hadisələrin inkişafını izləyir və tərəfləri təmkinli olmağa çağırır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Çox diqqətlə izləyirik, təbii olaraq vəziyyətin gərginləşməsindən narahatıq, tərəfləri təmkinli olmağa, ən əsası, məlum üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq”, - Peskov qeyd edib.
Kremlin sözçüsü bildirib ki, Rusiyanın Ermənistanla müxtəlif səviyyələrdə sıx təmasları İrəvanın Rusiya sülhməramlılarının Qarabağdakı işi ilə bağlı suallarına aydınlıq gətirməyə kömək edəcək.
“Başlanğıc nöqtəsi olan üçtərəfli sənədlər var. Əsas odur ki, tərəflər bu sənədlər üzrə götürdükləri bütün öhdəlikləri yerinə yetirsinlər. Suallar varsa, təbii ki, onlara cavab verilməlidir. Eyni zamanda, erməni tərəfi ilə müxtəlif səviyyələrdə mövcud olan sıx təmaslarımız mövcud məsələlərə aydınlıq gətirməyə imkan verəcək”, - Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarını tənqid etmişdi.