“Ermənistan cəmiyyətində müxalifətin uğursuz aksiyalarından sonra Qarabağa dair dərinləşən ümumi laqeydlik var”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karen Köçəryan deyib.
Onun fikrincə, müxalifət Ermənistan hakimiyyətinə qarşı mübarizəni dayandırıb:
“Müxalifətin problemi odur ki, cəhd etmir. Baş verənləri təhlil etmək, dərs almaq, cəmiyyətlə işləmək üçün hansı üsullardan istifadə etməyin lazım olduğunu anlamaq cəhdləri yoxdur. Cəmiyyətdə də laqeydlik var. Heç kim Laçın şəhərinin və Zabux kəndinin təhvil verilməsinə səsini çıxarmır. Görünən budur ki, müxalifət də ictimai əhval-ruhiyyəni pozur”.
Köçəryan təkcə Laçın şəhəri və Zabux kəndinin yox, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin də Azərbaycana təhvil veriləcəyini söyləyib.
Onun sözlərinə görə, problem heç siyasətdə də yoxdur, hətta erməni cəmiyyətin məişət səviyyəsində belə ideyası yoxdur:
“İnsanlar nəyinsə ətrafında birləşmək, nələrsə haqda düşünmək istəmirlər, heç kim komfort həyatını pozmaq istəmir. Cəmiyyətimizin nə ilə maraqlandığını anlamıram. Mədələrini doldurmaqdan başqa problemlər yoxdur? Mən artıq mədələrinin də bu cəmiyyəti düşündürdüyünə inanmıram. Çünki inflyasiya və yerli valyutanın sürətlə ucuzlaşmasından da şikayət yoxdur. Məncə, gəlib İrəvan və ya Sünikdə (Zəngəzur) insanları evlərindən çıxarsalar, yenə də heç nə olmayacaq. Gəlib desələr ki, açarları təhvil verib gedin - başlarını aşağı salıb açarları verib gedəcəklər”.