Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr komitəsinin sədri Taquhi Tovmasyan Rusiyanın İrəvandakı səfirliyinin onun Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı sorğusuna cavab verdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, səfirlik cavabında Laçın dəhlizi məsələsinin 10 noyabr Üçtərəfli Bəyannamənin 6-cı bəndi əsasında həll edilməli olduğunu erməni deputatın diqqətinə çatdırıb.
“Rusiya səfirliyi cavab məktubunda bildirir ki, Laçın dəhlizi ətrafındakı vəziyyət Üçtərəfli Bəyannamənin 6-cı bəndi əsasında həll olunacaq. Nəzərinizə çatdırım ki, Rusiya səfirliyinin istinad etdiyi 6-cı bəndə əsasən, tərəflərin razılığı ilə Laçın dəhlizinə alterantiv yolun tikintisi üç il ərzində başa çatacaq və bundan sonra Rusiya sülhməramlı qoşunları həmin marşrut istiqamətində köçürüləcək”, - deputat deyib.
Tovmasyan məsələ ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin bundan əvvəl verdiyi açıqlamaları da xatırladıb: “Rusiya XİN də məsələlərin həlli üçün 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarını əsas kimi göstərir”.
Deputat məktubunda səfirliyin diqqətini Laçın şəhəri, Zabux və Sus kəndləri ətrafındakı vəziyyətə da çəkib. Onun sözlərinə görə, bu ərazilərin Azərbaycana təhvil verilməsinə sayılı günlər qalır.