24 Avqust 2022 18:58
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın əsas hədəfi bölgədə sülh, sabitlik, kommunikasiyaların açılmasıdır. Ermənistan tezliklə çalışmalıdır ki, Azərbaycanla sülh sazişi imzalasın, ərazi iddialarına son qoysun. Bu halda bölgədə əməkdaşlıq mühitinə qoşula bilər”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Laçından sonra Azərbaycanın əsas hədəfi nə olacaq” sualına cavabda deyib.

Partiya sədri əlavə edib ki, həm Azərbaycan, həm də Türkiyə Ermənistana müsbət siqnallar verib: “Mənə elə gəlir ki, bu, Ermənistan üçün öz dövlətini, mövcudluğunu qorumaq üçün yeganə çıxış yoludur. Ermənistan özünü davam etdirmək üçün ərazi iddialarına son qoyaraq əməkdaşlıq yolunu seçməlidir”.

Asim Mollazadə bildirib ki, Laçın məsələsinin həllindən sonra kommunikasiyaların açılması, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi getməlidir: “Əlbəttə, sərhədlərin müəyyən edilməsi uzun çəkə bilər, amma kommunikasiyaların açılmasında bölgə ölkələri maraqlıdır. Mənə elə gəlir ki, bu istiqamətdə İrəvan zəruri addımlar atmalıdır.

Azərbaycan müharibədən sonra Qarabağ regionunda sürətlə bərpa işləri həyata keçirir, infrastruktur layihələrini reallaşdırır. Artıq sürətlə yollar tikildi, hava limanları inşa olunur. Bu prosesi sürətləndirmək lazımdır ki, bölgə əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevrilsin. Bunun üçün böyük potensial var.

Ermənistan bu prosesə qoşulmaqla öz iqtisadi problemlərini həll edə və normal dövlətə çevrilə bilər. Başqa yol yoxdur. Azərbaycan öz siyasətini və proqramını həyata keçirəcək, heç bir ölkə onun qarşısını kəsə bilməyəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər