“Bu gün Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti sayəsində Azərbaycan bayrağı yenidən Laçında dalğalanır”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert Rusiyanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib:
“Şübhəsiz ki, İlham Əliyev bu gün dünyanın aparıcı siyasətçilərindən biridir. Azərbaycan sevinir ki, ölkəyə ağıllı, strateji dünyagörüşlü, iradəli, məqsədyönlü, hər işdə uğur qazanan və beynəlxalq nüfuza malik olan bir görkəmli lider rəhbərlik edir.
Biz isə Rusiyada şadıq ki, Moskva ilə Bakı arasında strateji tərəfdaşlıq ildən-ilə möhkəmlənir, prezidentlər Vladimir Putin və İlham Əliyev arasında çox yaxşı və etibarlı münasibətlər var. İrəliləyişimizin mərkəzində Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə dayanır.
Bu gün Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti sayəsində Azərbaycan bayrağı yenidən Laçında dalğalanır. Növbədə Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin bölgədən tamamilə çıxarılması, erməni separatizminin və qondarma administrasiyasının ləğvi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması, Zəngəzur nəqliyyat dəhlizinin işə salınmasıdır.
Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünün tərəfində olub. Qarabağ Azərbaycandır”.