“Brüsseldə bağlı qapılar arxasında nə baş verdiyini söyləmək hələ də çətindir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Deputat Brüssel görüşündə Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyev qarşısında Qarabağ məsələsi ilə bağlı bir sıra öhdəliklər götürdüyünə eyham vurub:
“Hökumətin əsas fiqurları nə qədər Qarabağın Azərbaycanın tərkib hissəsi kimi gələcəyindən, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinin qeyri-mümkünlüyündən, azərbaycanlılarla dostluğun qaçılmazlığından danışsalar da, açıq-aydın görünür ki, hətta bunlar da Azərbaycan üçün kifayət deyil”.
Abramyan Azərbaycanın Ermənistandan başqa tələblərinin də olduğunu iddia edib:
“İndiki mərhələdə Azərbaycan fəaliyyətinin əsas motivlərinin nədən ibarət olduğunu söyləmək hələ çətindir. Brüsseldə bağlı qapılar arxasında nə baş verdiyini və Ermənistan hakimiyyətinə hansı yeni tələblərin irəli sürüldüyünü söyləmək də hələlik asan deyil”.
Bununla belə, erməni deputat prosesin qısa müddətdə yekunlaşması üçün Azərbaycanın aktiv şəkildə hərəkətə keçdiyini söyləyib.