“Hər bir halda yayılan kadrlar araşdırılır. Hərbi prokurorluq bununla bağlı araşdırma aparır. Sözsüz ki, araçdırmada cinayətin ağırlığı, şərait, şərtlər, bir sözlə, hər şey qiymətləndirilməlidir. Sadəcə, bundan da dəhşətli vəhşiliyi ermənilər azərbaycanlılara qarşı edib və bunun da görüntüləri var. Bu kadrlar, görüntülər də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə təqdim edilib. Bəli, təəssüflər olsun ki, tərəflərin hər birində xoşagəlməz davranışlar olub. Müharibə zamanı cinayət tərkibli hallar olur. Dövlət ona görə mövcuddur ki, belə halların ya qarşısını alsın, ya da günahkarları cəzalandırsın”.
Bunu Teleqraf.com-a deputat Rasim Musabəyov deyib.
Milli Məclisin üzvü qeyd edib ki, bu kadrları ermənilər bilərəkdən şişirdirlər: "Ermənilər daima deyirlər ki, azərbaycanlılarla birgə yaşaya bilmirlər, azərbaycanlılar “vəhşidirlər” və xilas naminə onları azərbaycanlılardan ayırmaq lazımdır. Biz də deyirik ki, yalan danışırsınız. Gedin Xocalıda etdiklərinizi gözünüzün qabağına gətirib, sonra Azərbaycanı dövlət kimi ittiham edib. Bəli, bu, cinayət hadisəsi ola bilər, Azərbaycan dövləti də bunu araşdıraraq hər kəsin cəzasını müəyyənləşdirəcək.
İkincisi, buyurub getsinlər Azərbaycandan qabaq öz cinayətlərini araşdırsınlar. Azərbaycan ərazilərində insanlığa qarşı cinayət törədən Serj Sərksiyanı və Robert Köçəryanı onlar prezident seçirdilər. Bu cinayətkarların boynuna Fransa prezidenti ən ali orden asdı. Cinayətkar Sərksiyan Avropa Şurasının tribunasından faşist çağırışı edirdi. Buyurub getsinlər öz günahları ilə məşğul olsunlar, Azərbaycana nümunə göstərsinlər və sonra Azərbaycana iradlarını bildirirlər”.
Musabəyov məlum videonun yayılmasını da anlaşılmaz adlandırıb, bu məsələnin araşdırılmasına ehtiyac olduğunu qeyd edib.