6 Oktyabr 2022 10:20
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cinayətdə, terrorçuluqda və separatçılıqda iştirak etməyən Qarabağ erməniləri Azərbaycan vətəndaşı ola bilərlər. Bu proses adi qayda da ola bilər. Ermənilər 1988-ci ilə qədər Qarabağda necə yaşayırdılarsa, bundan sonra da elə davam edə bilərlər. Üstəlik 1988-ci ildə onların muxtariyyəti var idi. İndi cənab Prezidentin dediyi kimi muxtariyyət də, status da cəhənnəmə getdi. Yəni status falan olmayacaq. Az sayda milli azlıq və respublikanın vətəndaşı kimi yaşaya bilərlər. O şərtlə ki, bu vaxta qədər Azərbaycan dövlətinə və xalqımıza qarşı cinayət törətməmiş olsunlar. Əlbəttə Azərbaycan dövlətinin qanunlarına tabe olsunlar, vətəndaşlığı qəbul etsinlər. Necə ki, digər milli azlıqlar yaşayırlar, onlar da yaşasınlar”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov Qarabağ ermənilərinin Azərbaycan tərkibində yaşamasının yolları haqqında danışarkən deyib.

Deputat əlavə edib ki, belə olan halda ermənilər böyük ehtimalla öz ana dillərində təhsil almaq istəyəcəklər.

Onun sözlərinə görə, 1988-ci ildə ermənilərin məktəbləri olub, indi də vəziyyətə görə bəlkə ola bilər. Ancaq bu cür məsələlər sonranın mövzularıdır.

“Mən sadəcə öz fikrimi deyirəm. Hər şeyi dövlət başçısı yaxşı bilir. Azərbaycan ərazisi olan Qarabağda qalıb yaşamaq istəyənlər məncə, 1988-ci ildə burada yaşayanlar və onların törəmələri ola bilər. Əlbəttə, cinayət törədənləri varsa cəzalanacaqlar. Bu məsələ sonradan gəlib məskunlaşanlara aid olmamalıdır. Sonradan gələn ermənilər haradan gəliblərsə, ora da qayıtmalıdırlar”,- deputat izah edib.

Elman Məmmədov bildirib ki, Ağdamda beynəlxalq forum keçirilib, tədbirdə Azərbaycan Prezidenti çıxış edərkən Qarabağ erməniləri ilə bağlı məsələyə toxunub və mövqeyini açıq ifadə edib: “Cənab Prezident bu məsələyə toxundu, qeyd etdi ki, onların bizim vətəndaşlarımızdır, onların qayğısına qalınması, təhlükəsizliklərinə şərait yaradılması Azərbaycan qanunları çərçivəsində həll ediləcək. Yəni buna nə Ermənistan, nə başqa dövlətlərin, nə də beynəlxalq təşkilatların qarışması olmamalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər