Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Kəlbəcər rayonu ərazisində 79 ədəd PMN-Э tipli piyada əleyhinə, 2 ədəd TM-62M tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd PMN-Э tipli piyada əleyhinə mina və 4 ədəd OZM-72 tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Qeyd edək ki, Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
Buna baxmayaraq azad edilmiş ərazilərimizdə Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunan xeyli sayda minalar aşkar edilir. Xüsusilə insan tələfatı məqsədilə basdırılan piyada əleyhinə minalar həm mülki vətəndaşların, həm də hərbi qulluqçuların həyatına ciddi təhlükə yaradır.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.