12 Oktyabr 2022 21:58
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Azərbaycan və Ermənistana təklif etdiyi sülh gündəliyində “Qarabağın statusu” da yer alıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Praqada imzalanan bəyannaməni narahatlıqla qəbul edib:

“Rusiya və Avropa İttifaqı arasında Cənubi Qafqaz uğrunda açıq rəqabət gedir. Amma Rusiyadan fərqli olaraq, Avropa İttifaqı sülh sazişinin imzalanmasında maraqlıdır. ABŞ da bu prosesə dəstək verir. Bundan başqa, Qərbin sülh planında Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul olunur. Praqada imzalanan bəyannamədə də bu öz təsdiqini tapır. Rusiya isə bədnam status məsələsini ortaya atmaqla, həm sülh müqaviləsinin imzalanmasını uzadır, həm də münaqişəli vəziyyət yaradır.

Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Hesab edirəm ki, görüşdə Rusuyanın sülh planı və Zəngəzur dəhlizi məsələsi masada olacaq. Qənaətimə görə, Rusiya o halda Zəngəzur dəhlizinin açılmasında maraqlıdır ki, Azərbaycan Moskvanın sülh planında nəzərdə tutulan “Qarabağın yekun statusu”nu qəbul etsin. Azərbaycan buna getməyəcək”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən heç bir görüş sülhə xidmət etmir:

“Kreml imperiya ambisiyası ilə həll prosesini uzadır. Buna görə də İrəvan və Bakı Moskvanın vasitəçiliyindən mümkün qədər aralı durmağa çalışır. Moskvanın bu yöndəki səylərinin bu səbəbdən kifayət qədər zəiflədiyi də diqqətdən yayınmır.

Rusiyanın sülh planı Ermənistanın da maraqlarına cavab vermir. Bu, yalnız Rusiyanın geosiyasi hədəflərinə xidmət edən təklifdir. Ona görə də Astana görüşündən ciddi nəticə gözləməyə dəyməz. Bakı və İrəvan Brüsselin vasitəçiliyində maraqlıdır. Rusiyanın vasitəçiliyi isə yalnız prosesi pozmağa hesablanıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər