13 Oktyabr 2022 13:18
2 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa kimi bir “vasitəçi” ilə nə müzakirə oluna bilər və belə "vasitəçilik"dən hansı nəticələr gözləmək olar?”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan əleyhinə verdiyi son açıqlamasına diqqət çəkib:

“Bu, sadəcə cəfəngiyyatdır. Fransa Prezidenti Emmanuel Makronun “France 2” telekanalına müsahibəsindən sitat:

“İki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan Dağlıq Qarabağda müharibə baş verdi. Amma Qarabağ bu ölkənin ürəyində olduğu üçün Ermənistan orada idi. Azərbaycan çoxsaylı qurbanları və amansız səhnələri ilə dəhşətli müharibəyə başladı və bu ərazini işğal etdi”.

“Beynəlxalq səviyyədə tanınmayan ərazi” - yeni termindir. Nə baş verir? Əgər Fransa prezidenti Paris-Bakı münasibətləri ilə bağlı beynəlxalq hüquqi sənədləri gündəmə gətirməkdən əziyyət çəkirsə, o, tam əmin ola bilər ki, ölkəsi həmişə rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, tanıyıb. Beynəlxalq hüquqi təcrübədə “beynəlxalq səviyyədə tanınmayan ərazi” anlayışı yoxdur. Beynəlxalq hüquqa görə, ərazi mübahisəsi o zaman yaranır ki, mübahisə edən tərəflərin hamısı bunun mövcudluğunu tanıyır. Azərbaycan üçün Qarabağ mübahisəli ərazi yox, həmişə öz ərazisi olub. Bu, beynəlxalq səviyyədə də belə tanınır.

Fransa prezidentinin aşkar məlumatsızlığı həm də ona görə təəccüb yaradır ki, o, həm də vasitəçi olmaq istədiyini dilə gətirir və deyir: “Fransa buradadır, hazırdır və vasitəçi güc kimi çıxış edir. Amma ermənilərdən də əl çəkməyəcəyik”.

İlqar Vəlizadə Fransanın vasitəçi meyarlarına uyğun gəlmədiyini vurğulayıb:

“Beynəlxalq hüquqda vasitəçi neytral, qərəzsiz, heç bir münaqişə tərəfini tutmayan, tərəflərə mübahisə ilə bağlı müəyyən razılaşma əldə etməyə kömək edən tərəfdir. Makron isə bəyan edər ki, “Ermənistan bizim xüsusi əlaqəmiz olan ölkədir”.

Belə bir “vasitəçi” ilə nə müzakirə oluna bilər və belə "vasitəçilik"dən hansı nəticələr gözləmək olar?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər