“Bu gün ermənilərin yaşadıqları ərazilərin Azərbaycana inteqrasiya olunmasının qarşısını kəsən ən böyük amil məhz Rusiyadır”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi Ermənistan-Azərbaycan prosesindəki son gəlişmələrə diqqət çəkib:
“Bu gün Ermənistan mediasında üç maraqlı məqam diqqətimi çəkdi və hər üç fərqli görünən açıqlamanın, əslində eyni məqsədi var.
Yəqin ki, Kazimirovu xatırlayırsınız, Minsk qrupunun həmsədri idi, Qarabağ məsələsinin həlli ilə məşğul olmaq adı altında illərlə Azərbaycanda tonlarla kabab yeyən, litrlərlə araq içən adamdır. Ermənistan mətbuatına açıqlama verib, boş söz yığını içində Kremlin demək istədiyi əsas fikri söyləyib. Kazimirov deyir ki, Qarabağda yaşayan erməni əhali əslində nə Azərbaycana, nə də Ermənistana güvənir, onların güvəndiyi yeganə ölkə, güc Rusiyadır, bunu mütləq nəzərə almaq lazımdır. Kazimirovun sözlərinin tərcüməsi belədir ki, Kreml bundan sonra da Xankəndi və ətrafını iqtisadi, sosial, siyasi və hərbi olaraq özünə bağlamağa davam edəcək, bunun üçün çalışacaq.
Bu gün bölgənin Azərbaycana inteqrasiya olunmasının qarşısını kəsən ən böyük amil məhz Rusiyadır – Xankəndi və ətrafında yaşayanları işlə təmin edir, onlara iqtisadi fürsətlər yaradır, rubl artıq dükan-bazarda işləməyə başlayıb. Pararlel olaraq, hər fürsətdə ermənilərə deyir ki, biz olmasaq, sizi heç kim qorumayacaq, ona görə də bizdən bərk yapışın, hətta Ermənistan və Azərbaycan öz arasında anlaşsa da, siz öz “qondarma” qurumunuzun “legitim” qərarı ilə bizi burada saxlayın. Məhz buna görə Kreml Xankəndində yerləşən qondarma qurumu “de-fakto” tanıyır və ayaqda saxlayır ki, kritik məqamda onların qərarlarını “de-yure” də tanıya bilsin”.
Natiq Cəfərli Ermənistanın keçmiş xarici işlər nazirinin açıqlamasına da diqqət çəkib:
“Keçmiş xarici işlər naziri Vardan Oskanyan da geniş açıqlama verib, əsas tezisi də budur ki, qondarma qurumun “tanınması”, yəni, “xalqların öz müqəddəratını təyin etmə hüququ” beynəlxalq vəziyyətə görə (Rusiyanın Ukraynaya təcavüzü və saxta referendumlarını demək istəyir, amma demir), gündəlikdən çıxıb, amma biz bununla barışmamalı, məsələni aktuallaşdırmalıyıq. Tərcüməsi budur ki, Xankəndidəki qondarma rejimin “legitimləşdirilməsi” üçün Rusiya ilə (həm də Fransa timsalında Qərb ilə) daha sıx işləməlidirlər.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə KTMT-nin bölgədən gedəcəyindən “ehtiyat” edir, guya bu məsələdən narahatdır. Amma əslində Rusiyaya demək istəyir ki, Xankəndi və ətrafı məsələsini Ermənistan üzərindən atır, Rusiya götürsün, hətta “de-yure” tanıyıb KTMT-yə də üzv edə bilər. Yəni, Ermənistan “pis və yaxşı polis” oynamağa, guya qərbyönümlü olmağa can atır, Qarabağdakı separatçı rejimi isə rusiyayönümlü etməyə çalışır ki, hər tərəfi qane etsin.
Görünən odur ki, Ermənistan sülh müqaviləsində yer alan bütün məsələlərin birdəfəlik həllini istəmir, Qarabağı ayrıca məsələ kimi görür. Biz isə bunu haqlı olaraq daxili işimiz hesab etsək də, bölgənin məmləkətə necə və nə vaxt inteqrasiya olunacağı haqda heç bir “yol xəritəsi” açıqlamırıq. Bu isə həm Rusiyaya, həm də Fransanın timsalında Qərbə müdaxilələr üçün açıq qapı qoyur”.
Partiya rəsmisi söyləyib ki, sülh müqaviləsində mütləq Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması qeyd olunmalı, bölgədə yaşayan erməni əsilli azərbaycanlıların ölkənin siyasi, iqtisadi, sosial həyatına inteqrasiyası ilə bağlı yol xətirəsi ilə yanaşı, 1987-ci ildən bəri öz torpaqlarından zorla qovulmuş Ermənistanda yaşamış Azərbaycan türklərinin də öz yaşadıqları torpaqlara qayıtmaq hüququ eyni qaydada “yol xəritəsi” ilə təsbit-təsdiq olunmalıdır:
“Soydaşlarımızın ora qayıdıb-qayıtmaması sonrakı məsələdir, amma Azərbaycan erməni əsilli vətəndaşlarına hansı zamənətləri verəcəksə, Ermənistan da eyni addımları geri dönmək istəyən Ermənistan vətəndaşları olacaq türklər üçün təmin etməklə bağlı yazılı öhdəlik götürməlidir. Ədalətli sülhü bərqərar edəcək, əsrlərə yayılacaq işlək sənədlər imzalanmalıdır ki, bölgəmizə əmin-amanlıq və rifah gəlsin. Ona görə də Ermənistan tərəfinin sonradan yozmağa çalışacağı heç bir söz, cümlə mətndə yer almamalıdır”.