18 Oktyabr 2022 22:13
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsi ideyası artıq həyata keçməyə yaxındır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazır.

Nəşr bildirir ki, müşahidəçilər üçün yerləri müəyyən etmək göründüyü qədər asan deyil, çünki dövlətlərin sərhədləri demarkasiya olunmayıb və birbaşa qarşıdurma da daxil olmaqla, ərazinin hər bir hissəsi mübahisə edilə bilər:

“Bu məqsədlə Avropa İttifaqı Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının yerləşəcəyi yerləri müəyyən etmək üçün Ermənistana texniki qrup göndərib. Müşahidəçilərin yerləşdirilməsi ilə bağlı qərar bu yaxınlarda Praqada keçirilən danışıqlar zamanı qəbul edilib.

Müşahidəçilər Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər, amma Bakı lazım gələrsə, avropalılarla əməkdaşlıq edəcəyinə söz verib. Eyni zamanda, Praqa görüşündən bir neçə gün əvvəl KTMT Ermənistana müşahidə missiyasının göndərilməsi ideyasını müzakirə edib. Rusiya xarici işlər naziri Sergey Lavrov da eyni mövzunu qaldırıb. Lavrov bildirib ki, bunun üçün sadəcə KTMT Şurasının qərarı tələb olunur ki, onun iclasını da Ermənistanın indiki hökumətinin başçısı çağırmalıdır.

Eyni zamanda diqqət mərkəzində təkcə texniki qrupun missiyası ilə bağlı xəbərlər deyil, Emmanuel Makronun bir neçə gün əvvəl verdiyi qalmaqallı açıqlamadır. Makron əvvəllər də ermənipərəst siyasətçi reputasiyasına malik idi, amma o, bu dəfə bunun səviyyəsini bir qədər yüksəltmək və İrəvanın Moskvadan daha yaxşı müttəfiqi olmağa hazır olduğunu göstərmək qərarına gəlib.

Rusiyanı Cənubi Qafqazda münaqişəni qızışdırmaqda, Azərbaycan və Türkiyə ilə Ermənistana qarşı oynamaqda ittiham edən Makron Qarabağı “mübahisəli” və “beynəlxalq səviyyədə tanınmayan” region adlandırıb və Azərbaycanı “çoxlu itkilərlə nəticələnən dəhşətli müharibəyə başlamaqda” ittiham edib”.

Siyasi ekspert Fərid Şəfiyev “Kommersant”a Makronun bu açıqlamasının nizamlanma prosesinə mənfi təsir edəcəyini deyib:

“Həmişə bilirdik ki, onun birtərəfli mövqeyi var, amma heç vaxt Azərbaycanı bu cür - birbaşa qınamayıb”.

Politoloq İlqar Vəlizadə isə rus nəşrinə söyləyib ki, Makron sadəcə ehtiyatsız bəyanatla çıxış etməyib, o, həm də Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçilik fəaliyyətini gözdən salıb və AB-nin regionda münasibətləri normallaşdırmaq səylərinin perspektivini şübhə altına alıb.

Politoloq Arkadi Dubnovun fikrincə, Makron iddialıdır və müasir Avropanın ən populyar siyasi lideri olmağa can atır, xüsusən də Angela Merkeldən sonra.

“Makronun Rusiyanın Azərbaycan və Türkiyə ilə oynaması ilə bağlı sözləri isə daha çox Ərdoğanın gücünün göstəricisidir ki, bu da kompliment sayıla bilər”, - ekspert vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər