Şuşa şəhərində və Ağdam rayonunun bəzi ərazilərində yeni mehmanxana layihələrin icrasına başlanılıb, bəzi layihələr isə yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinim Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bildirib.
O qeyd edib ki, bu aspektdə dövlət-özəl sektor əməkdaşlığı vacibdir: "Biz hesab edirik ki, ümumiyyətlə, regionda hədəfə çatmaq üçün investorlarla, sahibkarlarla işləməyə ehtiyac var. Dövlət onlara təşviqlər verməlidir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi və əlaqədar qurumlarla işləyirik. Çalışırıq ki, turizm üçün maksimum iqtisadi təşviqləri cəlb edə bilək. Həmin təşviqlər əsasən vergi və icazə ilə bağlı ola bilər. Digər bir yanaşmamız sırf mehmanxana infrastrukturunun qurulması ilə bağlıdır. Məqsədimiz turizm və rekreasiya zonalarının yaradılmasıdır. Agentlik ərazilər müəyyən edib. Həmin ərazilərin gələcəkdə turizm və rekreasiya zonaları kimi elan edilməsi, oralara dövlət-özəl sektor əməkdaşlığı əsasında investorların cəlb edilməsi nəzərdə tutulur".
Turizm rəsmisinin sözlərinə görə, turistlərin yerləşdikdən sonra əlavə məşğuliyyətləri də diqqət mərkəzindədir: "Bu baxımdan Agentlik bir neçə infrastruktur layihəsi icra etməkdədir. Bunlar Suqovuşanda göl qırağında parkın yaradılması, turizm informasiya mərkəzinin tikilməsi, eyni zamanda Tuğ və Daşaltı kəndlərində turizm infrastrukturunun qurulması, həmçinin Şahbulaq qalasının turizm nümayiş obyekti kimi inkişaf etdirilməsidir. Eyni zamanda bölgə ilə bağlı turizm məzmununun başa düşülməsi, həmin məzmun əsasında turizm məhsullarının yaradılması bizim üçün əsas məsələdir. Bu istiqamətdə yolumuz bir növ Qarabağda turizm marşrutlarının yaradılması, Ağdam rayonunda turizm marşrutlarının hazırlanması və onların işarələnməsi, eyni zamanda digər bu tipli sırf tur lahiyələrinin tamamlanmasıdır. Hesab edirəm ki, bölgəyə turistlərin səfərlərinin təhlükəsiz şəkildə təşkili ilə bağlı bir mexanizm yaransa, turistləri cəlb edəcək müəyyən məhsullar artıq yaradılıb, yəni dövlət olaraq bu prosesə hazır vəziyyətdəyik. Amma eyni zamanda, kütləvi turizm üçün mehmanxana infrastrukturunun hazırlamasına ehtiyac var və bu istiqamətdə də investorlarla işləməliyik. Bu işdə onlara kömək etməyə hazırıq”.