20 Oktyabr 2022 13:50
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan anlayır ki, Rusiya ilə ittifaqdan imtina onun özünə və Ermənistana baha başa gələcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Qarabağ separatçılarının və Ermənistanın çətin durumda qaldığını bildirib:

“Qarabağ separatçılarının başçısı Araik Arutyunyana İrəvandakı görüşlərdə izah etdilər ki, Ermənistan gücsüzdür, Azərbaycanla şifahi razılaşmalar var, ona görə problemlərinizi özünüz həll edin. Arutyunyan da indi Moskvaya getməyə hazırlaşır ki, Rusiyadakı dairələrin mövqeyini öyrənsin. Arutyunyan Moskvadan dəstək umarkən, İrəvan Qərblə yaxınlaşmağa çalışır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra bu qurumun Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Deyvid Prays İrəvana gəlib. Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın. Məsələn, qatı ermənipərəst konqresmen Frenk Pallone son açıqlamasında bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır, ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir.

Amerikalılar Nikol Paşinyanı Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa da təşviq etməyə çalışırlar. Paşinyan üçün təhlükəli gedişatdır. Çünki Paşinyan anlayır ki, Rusiya ilə ittifaqdan imtina onun özünə və Ermənistana baha başa gələcək. Eyni zamanda, o, bu halda ABŞ-ın Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmin deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər