Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatları Cəbrayıldakı erməni vandallığını görməzdən gəldiklərinə görə tənqid edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatlarla çıxışı zamanı danışıb.
Dövlət başçısı bildirib ki, işğaldan azad edilən qədim Azərbaycanın ərazisində ikinci hava limanının açılışına qatılmaq və sıxıntılı dövrdən sonra müasir tələblərə cavab verən belə limanın açılması hər ölkənin edə biləcəyi iş deyil: "Sağıma, soluma baxıram. Gör işğal dövründə Cəbrayılı nə hala gətiriblər?! Qardaşıma sual verdim və dedim ki, aidiyyəti beynəlxalq təşkilatlar gəlib bu mənzərəni heç görmədimi? Yox, gəlmirlər dedi. Niyə gəlmirlər, çünki öz üzqaralarını, Qərbin etdiklərini görəcəklər. Çünki dəstək verdikləri Ermənistanın işğal müddəti içərisində Cəbrayılı, digər bütün Qarabağı nə hala saldıqlarını görəcəklər. Təbii ki, bütün bunları görmək istəmirlər. Əslində, onlar nələr edildiyini bilirlər. Ona görə də baş verənlərin təzminatını tələb etmək lazımdır. Bununla da onları dalana dirəmək lazımdır".