“Qərbin hibrid müharibə elementlərindən yararlanmağa başlaması və vaxtilə Rusiyanı özünün yaratdığı “milli etnik münasibətlər xəritəsi”ndən vurub çıxaracağı məlum olan kimi gözlər dərhal Ukraynadan sonra Qarabağa yönəlib”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Əziz Əlibəyli deyib.
Ekspertin fikrincə, 2020-ci ildə 44 günlük müharibədən və Rusiyanın sülhməramlı kontingentinin Qarabağın dağlıq hissəsində yerləşdirilməsindən sonra bölgədə kövrək sabitlik yaranıb:
“Ermənistan-Azərbaycan sərhədində baş verən müxtəlif miqyaslı atışma və insidentlər, təbii ki, danışıqlarda nəticə əldə etmək üçün siyasi təzyiq məntiqində baş verir. Bununla belə, gedişatdan görünən budur ki, prosesdə çox yaxın gələcək üçün yeni dönüş yaranır.
Oktyabrın 10-da Rusiyanın Teleqram kanallarından birində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair “Vaşinqton sənədi” adlandırılan material dərc olunub. Sənəd Qərbin vasitəçilik missiyasının nəticəsində ortaya çıxıb. Bəzi mənbələrə görə, sözügedən sənəd Brüssel və Praqa danışıqlarından, habelə xarici işlər nazirləri və digər səviyyələrdə Ermənistanla Azərbaycan rəsmilərinin Vaşinqtonda keçirilən görüşündən sonra hər iki tərəf tərəfindən məqbul sayılıb.
Sənədin məzmununa görə, imzalanacağı təqdirdə dövlətlərarası sərhəddə delimitasiya üzrə son işlər aparılacaq, Zəngəzur dəhlizi adlanan və iki ölkəni birləşdirməli olan yüksəksürətli marşrut xəttinin tikintisinə başlanacaq. Bu minvalla Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə qurmaq mümkün olacaq. Bundan başqa, Azərbaycan təhlükəsizliyi və hüquqları ilə bağlı məsələləri Qarabağ erməniləriylə özü həll edəcək və Xankədiyə xüsusi nümayəndə təyin edəcək.
Yəni Qarabağ ermənilərinə və qondarma DQR-ə heç bir status verilmir. Maraqlıdır ki, bu sənədin dərci nə Ermənistanda, nə də Qarabağ erməniləri arasında etiraz yaradıb.
Bu, Qarabağın dağlıq hissəsinin tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi deməkdir. Prezident İlham Əliyev bu yaxınlarda bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlara həmin ölkənin konstitusiyasına tam uyğun davranılacaq”.
Əziz Əlibəyli bildirib ki, Ermənistan hökumətindəki mənbələr Baş nazir Nikol Paşinyanın bu sənədi mümkün qədər tez imzalamaq zərurətinə əmin olduğunu iddia edirlər:
“Əgər Ermənistan hökuməti bu sənədin qəbuluna razılaşarsa, Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalayan, Qarabağa əsassız iddiadan imtina edən, əslində eksistensial təhlükələrdən qurtulan Ermənistanın Gümrüdəki Rusiya bazasına, Qarabağda rus sülhməramlılarına ehtiyacı olmayacaq. Ermənistanın əsl ehtiyacı olan Azərbaycan və Türkiyədir. Bəllidir ki, Qərbdən olan vasitəçilərin də əsl məqsədi budur.
Bəs Paşinyan buna gedəcəkmi?
Maraqlıdır ki, ruslar indidən “qərbyanlısı” damğasını vurduğu Paşinyan və Qarabağ erməniləri üçün “bomba” hazırlamağa girişiblər. Ssenari belədir: Ermənistan və Qarabağda yeni iğtişaşlar yaratmaq.
Paşinyan 2021-ci il seçkilərində “ədalətli sülh” və “Rusiya ilə strateji müttəfiqliyi gücləndirmək” şüarları ilə hakimiyyəti əlində saxladı. İndi isə Paşinyanın uğursuzluqlarına artıq səbr və dözümsüzlük göstərən erməni seçicilər ona son dörd ildə baş verənləri xatırlada bilər”.