“Oktyabrın 31-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Hesab edirəm ki, görüşdə sərhədlərin delimitasiya-demarkasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin detalları müzakirə ediləcək. Həmçinin Qarabağın dağlıq hissəsindəki qanunsuz silahlı birləşmələrinin çıxarılması Azərbaycan tərəfindən masaya yatırılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, iki liderin görüşünü təşkil edən Rusiyanın əsas hədəfi Brüsselin önünə keçməklə prosesdəki rolunu qorumaqdır:
“Bununla belə, Rusiya bunun üçün praqmatik və beynəlxalq hüquqa söykənən addım atmır.
Ermənistan Baş naziri Nikol Paşinyan bu görüşdə “Qarabağda sabitlik və təhlükəsizliyi” müzakirə edəcəyini deyib. Göründüyü kimi Paşinyan artıq “yekun status” məsələsini qaldırmır. Bu o deməkdir ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Bu baxımdan Qarabağ ermənilərinin təhlükəsizliyindən danışarkən, bunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacağına eyham vurur. Təbii ki, Ermənistan baş naziri Azərbaycanın daxili işinə qarışa bilməz, imzaladığı anlaşmaların şərtlərini yerinə yetirməlidir. Eyni zamanda, Bakı da Qarabağdakı ermənilərin təhlükəsizliyini Paşinyanla müzakirə etməməlidir.
Bununla yanaşı, Paşinyan separatçı rejimə 20 milyard dram kredit ayırıb. Bu vəsait mənzil tikintisi və bank sektoruna, həmçinin silahlı erməni birləşmələrinin saxlanmasına xərclənəcək. Soçidə Paşinyandan bu kimi addımlarına son qoyması tələb edilməlidir.
Dediyim kimi, Rusiyanın vasitəçiliyi ilə keçiriləcək görüşdə sülh müqaviləsinin detalları da müzakirə olunacaq. Amma Moskvanın variantında “Qarabağın statusu” bəndi salındığı üçün bu, Azərbaycan tərəfindən qəbul edilmir. Amma görüşdə sərhədlərin delimitasiya-demarkasiyası və Zəngəzur dəhlizinin açılması məsələlərinin həllində irəliləyişin olması mümkündür. Bununla yanaşı, Moskvanın son davranışları göstərir ki, bu yöndə də əməli addım addım atmaq istəmir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyanın vasitəçiliyi Paşinyan tərəfindən ciddi qəbul edilmir:
“Moskva Ermənistan Azərbaycan məsələsində yalnız öz geosiyasi maraqları prizmasından yanaşdığı üçün təşəbbüs Brüsselin əlinə keçib. Təbii ki, Soçi görüşündə Rusiya obyektiv olarsa, regional mövqeyini yenidən gücləndirə bilər. Amma onun anti-Azərbaycan mövqeyi buna imkan vermir.
Keml reallıq hissini itirib, geosiyasi reallıqları obyektiv qiymətləndirə bilmir.
Putinin Ukraynada apardığı işğalçı müharibə fonunda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını istədiyini düşünmürəm. Soçi görüşündən sonra ən azı silahlı erməni birləşmələri Azərbaycan ərazisindən çıxarılmasa və Zəngəzur dəhlizi ilə bağlı irəliləyiş olmasa, Rusiyanın vasitəçiliyi də sual altına düşəcək və Brüssel öz yerini daha da möhkəmlədəcək”.