Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 6-cı qurultayındakı çıxışında Rusiyanın başçısı Vladimir Putinin təşəbbüsü ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirəcəyi görüşdən danışıb.
Teleqraf.com xəbər verir ki, Paşinyan Soçidə Rusiya sülhməramlılarının Qarabağda mövcudluğunun heç bir şərt olmadan uzadılması ilə bağlı sənədi imzalamağa hazır olduğunu bildirib.
“Əlbəttə, Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirməsini istəyirik, mən rəsmi şəkildə deyirəm: Soçidə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğunun qeyd-şərtsiz, heç bir şərt olmadan, 10, 15, 20 il uzadılmasını nəzərdə tutan sənədi imzalamağa hazıram”, - Ermənistan baş naziri bildirib.
Paşinyan təklif edib ki, Putin belə bir təkliflə çıxış etsin və ya özü belə bir təkliflə çıxış edərsə, Rusiya başçısı həmin təklifi dəstəkləsin.
O, Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı Qərb və Rusiyanın öz təkliflərinin olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistanın Rusiya təklifini rədd etməsi ilə bağlı yayılan xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur.
Bununla belə, Paşinyan Rusiya və Qərbin bu məsələ ilə bağlı öz fikirlərinin olduğunu və Rusiyanın təklifini qəbul etdiyini söyləyib:
“2021-ci ilin yanvarında Rusiya ilə prinsipial razılaşma əldə olundu. Həmin anlaşmaların əsas müddəası ondan ibarət idi ki, Rusiya Ermənistanın və “Dağlıq Qarabağın təhlükəsizliyi”nin təminatçısıdır və biz bu ssenarini və planı razılaşdırdıq. Həmin plan 2022-ci ilin avqustunda Ermənistana təqdim edilib”.