9 Noyabr 2022 14:14
10 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rus variantı sülhməramlıların qalmasına və “Qarabağın statusu”nun gələcəkdə müəyyən edilməsi yanaşmasına əsaslanır. Amma prezident Putinin də mövqeyini əks etdirən bu yanaşmanın müəllifləri Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vigen Xaçaturyan deyib.

“Qərb də deyir ki, Qarabağ Azərbaycandır, amma “status”u indidən dəqiqləşdirək, gələcəyə buraxmayaq. Bu fərqdir. Yəni hamı deyir ki, Qarabağ Azərbaycanındır. Ermənistan hökuməti də hər kəsin Qarabağın Azərbaycana məxsus olduğunu qəbul etdiyini anlayıb və bu barədə mübahisə etmir”, - deputat vurğulayıb.

Xaçaturyan bildirib ki, dünya birliyi Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiyi üçün oradakı qondarma rejim də beynəlxalq səviyyədə separatçı kimi tanına bilər.

“Separatçıları isə cəzalandırırlar, onlarla danışıq aparmırlar. Biz bunu başa düşməliyik”, - siyasətçi bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Qarabağa statusun verilməyəcəyini anladığı üçün indi yalnız orada yaşayan ermənilərin gələcək təhlükəsizliyi məsələsini müzakirə edir.

Xaçaturyan qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda olması zəmanət deyil, çünki Ermənistanın sülhməramlıların uzun müddət qalmalı olduğu təklifi Moskva tərəfindən dəstəklənməyib.

“Deyirlər ki, Qarabağı Azərbaycana verirlər, bizim olmayan bir şeyi biz ona necə veririk?”, - deputat bildirib.

Xaçaturyan Ermənistanın Qarabağı Azərbaycandan qoparmağa gücünün və səlahiyyətinin olmadığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər