“Azərbaycan rusiyalı hərbçilərin sülhəramlı olmayan niyyətlərlə öz ərazilərində qalmasına qarşıdır”.
Rusiyanın Azərbaycan əleyhinə son fəaliyyətləri ilə bağlı Teleqraf.com-un sualını cavablandıran jurnalist Elçin Alıoğlu belə deyib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hər gün yaydığı məlumatlarda Azərbaycanın bəzi yaşayış məntəqələrini “erməniləşdirməsi” təsadüfi deyil:
“Rusiyanı heç kimi qıcıqlandırmır, əksinə, Rusiya bizi qıcıqlandırmağa çalışır. Mənzərə göz önündədir. Rusiya Xankəndini, Əsgəranı, Xocavəndi, Xocalı və Ağdərəni tezliklə tərk etmək istəmədiyini həm Azərbaycan, həm də Ermənistanın nəzərinə çatdırmaq istəyir.
Rusiya Ermənistan rəhbərliyinin nəzərinə həm də onu çatdırmağa çalışır ki, artıq əsas “stavka” Nikol Paşinyan hakimiyyətinə deyil, Xankəndidəki separatçı-terrorçu xuntayadır. Ruben Vardanyandan tutmuş bütün digər məsələlər ədədi silsilə formatında olduğundan belə deməyə tam haqqımız var.
Digər yandan, Rusiya Müdafiə Nazirliyi bilərəkdən Azərbaycanın əsəbləri ilə oynayaraq, onu qıcıqlandıraraq tirajladığı məlumatlarda Qarabağdakı yaşayış məntəqələrinin adlarını “erməni toponimləri” kimi göstərir. Bu həm ermənilərin anti-Rusiya meyllərini bir qədər azaltmağa, Rusiyanın hələ də Ermənistanın maraqlarından çıxış və bunları müdafiə etdiyini sadəcə göstərməyə, həm də Azərbaycana təsir rıçaqlarını zəifləməməsinə xidmət edir”.
Elçin Alıoğlu Rusiyanın bölgə ilə bağlı əsas hədəfinə də diqqət çəkib:
“Rusiyanın əsas məqsədi qalma müddəti başa çatdıqda sülhməramlı qüvvələrinin bölgədə qalmasına nail olmaqdır. İndi həmin sülhməramlı kontingent mandatsız fəaliyyət göstərir. Tərəflərdən biri etiraz edərsə, çıxmalıdır. Həmin tərəf də nə Ermənistan, nə də Rusiyadır, o tərəf Azərbaycan olacaq. Azərbaycan rusiyalı hərbçilərin sülhəramlı olmayan niyyətlərlə öz ərazilərində qalmasına qarşıdır.
Hesab edirəm ki, Rusiyanın qıcıqlandırma və əsəblərlə oynama səyləri bundan sonra da davam edəcək. Bunun səngiyəcəyini düşünmürəm”.