13 Dekabr 2022 17:31
5 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu:

***

“Moskva Topxana meşəsinin qırılmasına etirazları və onun nəticələrini yada salmalı, dərs çıxarmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert Azərbaycan vətəndaşlarının Xankəndi yolunda keçirdikləri etiraz aksiyalarına diqqət çəkib:

“Azərbaycanın bir qrup QHT fəalı və ekoaktivistin ölkəmizin suveren ərazisində ekologiyaya ziyan vurulmasının, ekoloji fəlakətin qarşısının alınması üçün monitorinq aparılmasına imkan yaradılmasını, buna mane olmaq cəhdlərinin isə qarşısının alınmasına etiraz olaraq Gorus-Xankəndi yolunu bağlaması 34 il əvvəl noyabr ayında baş vermiş hadisələri xatırladır. 1988-ci il noybarın 17-də yüz minlərə insan Bakının Azadlıq meydanına toplaşaraq, Şuşa yaxınlığındakı Topxana meşəsinin qırılmasına və ərazidə Ermənistanın Kanaker alüminium zavodunun işçiləri üçün pansionatın tikilməsinə etiraz etmişdilər.

Noyabrın 17-dən etirazlar fasiləsiz mitinq və nümayişə çevrildi. Meydan Hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Qarabağda antiazərbaycan siyasəti yeridən “qurum”un ləğvi, Ermənistana qarşı iqtisadi sanksiyalar tələbləri irəli sürüldü. Hətta ilk dəfə “Suverenlik”, “Azadlıq” şüarları səsləndirildi. Mitinqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı.

Minlərlə soydaşımızın toplaşdığı Azadlıq meydanında mitinq iştirakçılarının tələbləri belə idi:

“Topxana meşəsinin qırılması dayandırılsın; Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun; SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa, bizim deputatlar geriyə – respublikaya qayıtmasınlar”.

Bu gün də Azərbaycan QHT fəallarının tələbləri bənzərdir. Tarix təkrarlanır”.

Zaur İbrahimli qeyd edib ki, əslində Bakıdakı olaylar yalnız Topxana meşəsində yaranmış ekoloji vəziyyətə deyil, həm də Qarabağ ətrafında Moskva və İrəvanın oynadığı oyuna etiraz idi:

“Noybarın 20-də SSRİ Baş prokuroru Aleksandr Suxarev Qarabağa, sonra isə İrəvana gəlir. Onun tələbi ilə noyabrın 21-də SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Qarabağdakı nümayəndəsi Arkadi Volski Topxana meşəsindəki bütün tikinti işlərini qadağan edir. Ardınca meşənin ekoloji vəziyyətini təftiş etmək üçün Topxanaya SSRİ İnşaat İşləri üzrə Dövlət Komitəsi və SSRİ Təbiətin Mühafizəsi üzrə Dövlət Komitəsinin nümayəndələri gəlir.

Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Milli Azadlıq Hərakatına çevirildi. 1988-1991-ci illərin Milli Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının (18 oktyabr 1991-ci il) qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.

Azadlıq meydanında çatılan tonqallar tək gecənin soyuğunu dəf etmək üçün deyildi, həm də hər bir azərbaycanlının qəlbində qurulan azadlıq tonqalı idi. Onun qığılcımları isə çoxdan onların azdlıq eşqini alovlandırmış, “bu yolda öldü var, döndü yoxdur” qənaətini yaratmışdı.

Bəli, tarix təkrarlanr. Rusiya Sülhməramlı kontingetinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış dövlət sərhədləri daxilində və yurisdiksiyası altında olan ərazilərində mis-molibden yataqlarının istsimarı zamanı ətaf mühitə ziyan vurulmaması məqsədilə dövlət orqanlarının monitorinq keçirməsinə mane olması, müvafiq imkan yaratmaması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Ekspert Rusiya sülhməramlılarının üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdığını, BMT-nin müvafiq prinsiplərini pozduğunu və bunun bölgədə gərginliyə yol açdığını vurğulayıb. Zaur İbrahimli bu kontekstdə rus sülhməramlılarının Azərbaycan ərazilərində separatizmin güclənməsinə rəvac vermələrinin də diqqətdən yayınmadığını deyib.

Ekspert Rusiyanın SSRİ-nin parçalanması ilə yadda qalan oxşar hadisələrlə üz-üzə qaldığını söyləyib:

“34 il əvvəl Azərbaycandan başlayan impulsla SSRİ-nin dayaqlarının zəifləməsi davamlı xarakter aldı. Tarixi kontekst də oxşardır. 1989-cu ildə SSRİ-nin Əfqanıstanı işğal etmək cəhdlərinin uğursuz olduğu etiraf edilmişdi, Moskva ABŞ və NATO ilə rəqabəti, döyüşü uduzmuşdu. 1988-ci ildə SSRİ kontingentinin Əfqanıstandan çıxarılması barədə saziş imzalanmışdı.

Bu gün də Rusiyanın Ukraynanı işğal etmək planları boşa çıxdı, ruslar artıq işğal etdikləri Xerson vilayətindən geri çəkiliblər. Moskva yenə uduzan və təcrid olunan tərəfdir. Belə bir şərait və kontekstdə yenidən Azərbaycan xalqına qarşı məkirli planlar, ümumxalq etirazlarının başlamasına zəminlər yaradılması Kreml üçün daha bir tarixi məğlubiyyət perespektivindən başqa heç nə vəd etmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər