14 Dekabr 2022 11:20
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF ARM) İdarə Heyətinin bu gün keçirilən iclasında, Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstək ifadə edilən bəyanat qəbul edilib.

Teleqraf.com xəbər verir ki, Avrasiya regionunun yüz minlərlə fəalı olan aparıcı gənclər təşkilatları və hərəkatlarını təmsil edən İdarə Heyəti üzvləri ekoloji gündəliyin hər zaman gənclik hərəkatının fəaliyyət mərkəzində olduğunu qeyd ediblər.

Bəyanatda bidirilir ki, davamlı ekoloji monitorinqlərin keçirilməsi bu gün dünya təcrübəsində aparıcı qlobal trend və fəaliyyətlərdən biridir və ekoloji böhranların qarşısının alınmasında əsas rol oynayır.

Bəyanatda təəssüflə qeyd olunur ki, vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri 30 ilə yaxın, hazırda isə Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalan ərazilərdəndir. Bunun bölgənin ətraf mühiti üçün ağır nəticələrini 2021-ci və bu il İƏGF ARM tərəfindən təşkil edilmiş sosial media fəallarının Azərbaycana səfərləri zamanı onlarla beynəlxalq tanınmış bloger də şahidi olublar.

Bu günlərdə Azərbaycan ekoloqlarının RSK-nin müvəqqəti yerləşdiyi ərazilərdə nəzarətsiz fəaliyyət göstərərək ətraf mühitə ziyan vuran mədənlərin monitorinqini keçirmək cəhdinə süni əngəllərin törədilməsi ciddi narahatlıq doğurur.

Bununla bağlı, bəyanatda RSK tərəfindən ekoloji monitorinqlərin keçirilməsi üçün şərait yaradılması tələbi səsləndirilir, regionun gənc ekoloq fəallarının azərbaycanlı həmkarları və könüllülərin keçirdiyi aksiyaya məlumat dəstətəyi verilməsi çağırışı əks olunur .

“Eyni zamanda keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasını təşkil etməyə hazırıq.” – bəyanatda vurğulanır.

Xatırladaq ki, İƏGF-ARM 56 İƏT ölkəsinin aparıcı gənclər hərəkat və strukturlarını özündə birləşdirən beynəlxalq qurum - İƏT Gənclər Forumunun regional təşkilatıdır.


Müəllif: Nemət

Oxşar xəbərlər