“Nikol Paşinyan və komandası Qarabağ məsələsini istənilən səviyyədə qaldırmaqdan imtina edir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qarnik Davtyan bildirib.
Ekspertin fikrincə, Baş nazir Paşinyan daxili və xarici siyasətini Qarabağ məsələsinin müzakirəsindən imtina üzərində qurub: “Deputatların, nazirlərin və məğlub baş nazirin verdiyi bütün bəyanatlar göstərir ki, onlar Qarabağ məsələsini istənilən səviyyədə qaldırmaqdan tamamilə imtina ediblər”.
Davtyan Ermənistan hakimiyyətinin baş verənlərə görə Rusiyanı ittiham etdiyini bildirib:
“Əvvəlcə Rusiyanın Ermənistandakı səfirini günahlandırdılar, dedilər ki, niyə Laçın dəhlizinə getmir. Sonra isə Laçın dəhlizinin ruslar tərəfindən bağlandığını dilə gətirməyə başladılar”.
Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ” və ya “status”la bağlı bəyanat verməkdən də çəkinir:
“Onların bu məsələləri dəstəkləyəcək heç bir bəyanatı yoxdur. Eyni zamanda, Qarabağa getməkdən yayınırlar. Xatırladım ki, müdafiə naziri Arşak Karapetyan 2021-ci ilin qışında Qarabağa səfərinin ertəsi gün tutduğu vəzifəsindən azad edildi. Hədəfləri bəllidir: Qarabağ tamamilə Azərbaycana təhvil verilsin. Paşinyanın “elə bir sülh müqaviləsi bağlayacağıq ki, hamı bizə satqın deyəcək” bəyanatını da xatırlatmaq yerinə düşərdi”.
Beynəlxalq platformalardan gözlənilən addımlara gəlincə, Davtyan hesab edir ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsini bu səviyyədə gündəmə gətirməkdən yayınır: “Beynəlxalq təşkilatlara müraciətlərində, danışıqlarda, hətta ifadələrində belə “öz müqəddəratını təyinetmə hüququ” məsələsini göstərməkdən yayınırlar, “Qarabağın erməni olması”ndan yox, Qarabağ ermənilərindən danışırlar”.
Davtyan son gəlişmələrdən sonra Zəngəzur dəhlizinin açılması ilə yanaşı, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqələrinin qoyulmasının gündəmdə olduğunu söyləyib.