“Laçın dəhlizi ətrafındakı durum Cənubi Qafqazdakı vəziyyəti izləyən ekspertlərin və analitiklərin nəzərində qalmaqda davam edir. Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində hələ də qalmaqda davam edən separatçı rejim tərəfindən qızıl mədənlərinin qanunsuz istismarı faktına diqqət çəkmək istəyən azərbaycanlı ekoloqların və ictimai təşkilatların nümayəndələrinin dinc aksiyası keçirilir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, ermənilər tərəfindən Azərbaycanın yeraltı sərvətlərinin qanunsuz mənimsənilməsi ilə yanaşı, bu proses ciddi ekoloji ziyan və irimiqyaslı ekoloji pozuntularla müşayiət olunur:
“Beynəlxalq ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə çalışan azərbaycanlı ekoloqların aksiyasının kökündə məhz erməni şirkətlərinin taladıqları mədənlərdə monitorinq tələbləri dayanır. Bununla belə, Laçın dəhlizi humanitar yüklər, təcili yardım maşınları, eləcə də Rusiya sülhməramlılarının nəqliyyat vasitələrinin hərəkəti üçün açıq qalır. Söhbət yalnız qızıl və digər qiymətli metalların qanunsuz şəkildə xaricə çıxarılmasının qarşısını almaq üçün digər yük daşımalarına nəzarətdən gedir.
Aksiyanın dinc xarakter daşımasına diqqət yetirilməlidir. Bu, heç bir “humanitar böhran”a gətirib çıxarmayıb, çıxara da bilməz, çünki dediyim kimi, humanitar yüklər Laçın dəhlizi ilə problemsiz daşınır. Amma Azərbaycan ərazisindən faydalı qazıntıların qanunsuz daşınmasına imkan verilməyəcək.
İrəvan və Qarabağdakı separatçıların baş verənlərə kəskin əsəbi təpkisi anlaşılandır, ona görə başa düşüləndir ki, qanunsuz qızıl hasilatından əldə olunan gəlirlər on milyonlarla dollar deməkdir və bu transmilli mütəşəkkil cinayətkar dəstənin bütün üzvləri hər gün külli miqdarda pul itirirlər. Buna görə də, “qızıl mafiyası” dünyada yüzlərlə lobbiçisini və media resursunu eyni vaxtda “tam blokada” haqda hay-küyü yaratmaları üçün ayağa qaldırıb. Hətta səhnələşdirilmiş təbliğat səhnələrində uşaqlardan da istifadə olunur”.
Korotçenko bildirib ki, süni gündəmin effektlivlyini artırmaq üçün erməni tərəfi hətta “iriçaplı artilleriya”dan da istifadə edib:
“Baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında Rusiya sülhməralılarını tənqid edərək deyib ki, guya onlar Laçın dəhlizi boyu öz öhdəliklərini yerinə yetirmirlər. Dərhal da cavabını alıb. Əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ardınca Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanı tez yerinə oturtdu.
Kimsəyə sirr deyil ki, Ermənistan hakimiyyəti həm üçtərəfli bəyanat, həm də ən yüksək səviyyədə bütün digər razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməkdən yayınır. Buna görə də Paşinyan Rusiyaya mühazirə oxuya bilməz.
Ən əsası, Rusiya-Azərbaycan münasibətlərinə kim zərbə vurmağa çalışsa da, bu, çətin ki, uğur qazansın. Prezidentlər Vladimir Putin və İlham Əliyevin uzun illərə söykənən uğurlu qarşılıqlı fəaliyyəti var, onların arasındakı şəxsi əlaqələr də yüksək səviyyədədir. Bu, qarşılıqlı etimad, tərəfdaşlıq və bir-birinə həqiqi hörmətə əsaslanır. Bu isə o deməkdir ki, istənilən vəziyyətdə Rusiya və Azərbaycan xalqlarımızın daha yaxşı gələcəyi naminə uğurla irəliləmək üçün ortaq məxrəc və birgə həll yolları tapacaq”.