26 Yanvar 20:13
6 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ruben Vardanyan Moskvadan Xankəndiyə ötən ilin sentyabrında gəlib. Bu beş ayda dünyanın müxtəlif televiziya kanallarına, nəşrlərinə, agentliklərinə və saytlarına onlarla müsahibə verib. Araik Arutyunyan illərdir separatçıların lideridir, ancaq onun bu müddətdə bircə müsahibəsini xatırlamaq çətindir, Vardanyan isə hər gün dayanmadan müsahibə verir”.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Vardanyanın nə danışmasından asılı olmayaraq, o, beynəlxalq medianın diqqətini çəkib və bu hal Azərbaycan üçün təhlükə mənbəyinə çevrilib:

“Vardanyan Azərbaycana qarşı informasiya müharibəsinin başlıca fiquruna çevrilib.

Vardanyanı Qarabağa Kreml göndərib. Ancaq Kreml Vardanyan vasitəsilə istəyinə nail olmadı, rəsmi Bakı onunla təmasdan imtina etdi. Kreml sahibi Vladimir Putin Vardanyanı Rusiya vətəndaşlığından məhrum edib. Demək, Vardanyan Qarabağı tərk edəcəyi halda başqa ölkələrdən birində məskunlaşmalıdır. Vardanyan o ölkələrdən birini seçəcək ki, Putinlə yaxınlığına görə ona qarşı sanksiya tətbiq edilməsin.

Vardanyanın Rusiyadakı “Troyka Dialoq” bir çox ofşor şirkətin təsisçisidir. O, bu şirkətlər vasitəsilə Rusiyanın tanınmış şəxslərinə pullar köçürüb. Bu sırada Putinin yaxın dostu Sergey Rolduqinin də adı var. Vardanyan şirkətləri vasitəsilə 5 milyard dollara yaxın pulu müxtəlif şəxslərin hesablarına köçürülüb. Bu, dünyadakı imkanlı ermənilərin tətbiq etdiyi texnologiyadır.

Vardanyan açıqlamalarında kriminal dairələrlə heç bir əlaqəsinin olmadığını iddia etsə də, 1990-cı illərin Rusiyasında təmiz pul qazanmaq mümkün deyildi. Milyardı olan biznesmen kriminal dairələrdən və məmurlardan qorunmaq üçün onlarla bölüşməli idi. Vardanyanın rəhbəri olduğu şirkətin 2000-ci illərin əvvəlində Nyu-York və Londonda ofisləri açılıb. Eyni zamanda, Vardanyan haqqında danışmağı sevmədiyi Panama və Vircin adalarında da ofşor şirkətlər yaradıb”.

Elxan Şahinoğlu bildirib ki, Vardanyan Dmitri Medvedevin Rusiya prezidenti olduğu illərdə “Skolkovo” yüksək texnologiyalar layihəsinin təsisçilərindən olub:

“Vardanyan bununla Medvedevlə yaxınlığa çalışıb. Çünki “Skolkovo” Medvedevin əsas layihəsi idi. Kremlin keçmiş sahibi bu layihə vasitəsilə ABŞ-ın “Silikon Vadisi”ndəki texnoloji şirkətlərinə rəqib olacağını planlaşdırırdı.

Beləliklə, Ruben Vardanyan ABŞ və Avropada təhsilini bitirdiyi 1990-cı illərdən bəri maliyyə, bank işi, müxtəlif iqtisadi layihələrlə məşğul olub. Bu illərdə siyasət barədə düşünməyib. Vardanyan siyasətçi olmadığı qədər, hərbçi də deyil. Buna baxmayaraq, böyük şirkətləri və milyardları idarə edən Vardanyan Qarabağa köçməyə razılaşıb. Birincisi, bu yolla milyardlarını Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan qorumağa çalışıb, ikincisi, erməni separatçılarının “dövlət naziri” kimi Avropa stukturlarıyla ilə əlaqə vasitəsilə gələcəkdə işinin başına qayıtmaq istəyib.

Təsadüfi deyil ki, Qarabağa köçdükdəın sonra Fransaya səfər edib və indi də Parisdəki dostlarıyla əlaqərini davam etdirir. Vardanyan BBC-yə son müsahibəsində “Qarabağdan getməyəcəyini” bildirib. Bunu reallaşdırmaq Azərbaycanın əlindədir. Azərbaycan üçün həlledici olacaq 2023 və 2024-cü illərdə Vardanyan yola salınmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu