15 Fevral 2023 17:06
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin strateji müttəfiqimiz Türkiyənin məhsullarına artan tələbatı “düşmən” dedikləri dövlətdən necə asılı olduğunu göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert erməni sepatçılarının Türkiyə-Ermənistan əlaqələrini pozmaq səylərinə diqqət çəkib:

“Erməni separatçılarının “milli təhlükəsizlik xidməti” belə bir xəbər yayıb ki, Xankəndidə Türkiyə kənd təsərrüfatı məhsullarının satışı xəbərini araşdıracaqlar. Guya Türkiyə istehsalı olan məhsullar Xankəndi bazarında peyda olub. Xəbərin bu şəkildə yayılması təfriqə yaratmaq məqsədi daşıyır. Bəllidir ki, hətta işğal dövründə də Ermənistanda Türkiyə istehsalı olan məhsullar satılırdı. Türkiyənin məhsullarının daha keyfiyyətli olduğunu ermənilər də anlayırlar. Həmin məhsullar illər boyu Ermənistana Gürcüstan üzərindən çatdırılıb.

Hazırda Türkiyə-Ermənistan dialoqu genişlənib, sərhəd açılıb, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedib, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək fikir mübadiləsi aparıb. Bunun fonunda separatçılar Türkiyə istehsalı məhsulların Xankəndidə satılması barədə qəsdən xəbər yayıblar ki, bu, Azərbaycanda qarışıq suallar yaratsın”.

Elxan Şahinoğlu hesab edir ki, separatçıların yaydıqları bu məlumat narahatlıq yaratmamalıdır:

“Narahat olmağa dəyməz. Türkiyə-Ermənistan dialoqunun genişlənməsinin, o cümlədən Türkiyənin kənd təssərrüfatı məhsullarının Ermənistanda və ya Xankəndidə satılmasından Azərbaycana zərər dəyməz. Ermənilərin strateji müttəfiqimiz Türkiyənin məhsullarına artan tələbatı “düşmən” dedikləri dövlətdən necə asılı olduğunu göstərir. Mirzoyan elə ona görə Türkiyəyə gedib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması adı altında qonşu dövlətlə siyasi məsələlərin həlli sürətlənsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər