16 Fevral 2023 18:23
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam şəhərindəki Konfrans Mərkəzində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Azərişıq”, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, ANAMA, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və digər qurumların təmsilçiləri iştirak ediblər.

Teleqraf.com azərtac-a istinadla xəbər verir ki, iclasda Ağdamda aparılan tikinti-quruculuq işləri, o cümlədən rayonun ilk bərpa ediləcək kəndlərinin tikinti layihələri, minatəmizləmə, Ağdam şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi istiqamətində görülmüş işlər, bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi, su təminatı, eləcə də infrastruktur təminatı obyektləri üzrə görüləcək işlərin vəziyyəti müzakirə edilib.

İşçi qrupunun rəhbəri, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bildirib ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramının icrası üzrə Tədbirlər Planında hər bir yaşayış məntəqəsi üçün konkret hədəflər və tələblər qoyulub. İşçi qrupda təmsil edilən bütün qurumlar nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün səfərbər olunmalıdırlar.

Bu il işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılacağını deyən İşçi qrupunun rəhbəri bildirib ki, Ağdam şəhərində və kəndlərdə ərazi planlaşdırma işləri artıq bitib. Tikinti layihələri də yekunlaşmaq mərhələsindədir və kəndlərin tikintisinə başlanılacaq.

İclasda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərdən, nəzərdə tutulan layihələrdə danışıb. Bildirib ki, Tərtər rayonunun Talış kəndində tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir, fevralın sonunadək bu iş başa çatdırılacaq və həmin ərazi 20 ailənin köçürülməsi üçün hazır olacaq. Ümumilikdə 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonu üzrə 5634, Tərtər rayonu üzrə 368, Xocavənd rayonu üzrə 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov Əlaqələndirmə Qərargahının ötən iki ildən artıq dövr ərzində fəaliyyətindən, qarşıda duran işlərdən danışıb. Bildirib ki, 2023-cü ildə işğaldan azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərinin miqyası, dinamikası daha da artacaq. Bu baxımdan praktikliyi təmin etmək məqsədilə İşçi qruplarının iclasları işğaldan azad olunmuş ərazilərdə keçirilməlidir. Məsələlər yerində müzakirə olunmalı, müvafiq ərazilərə, layihələrə baxışlar keçirilməlidir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasında İşçi qruplarının xüsusi rolu olmalıdır.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov Ağdam şəhərində həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verib. Qeyd edib ki, istər minatəmizləmə, istərsə də baza infrastrukturun qurulması sahəsində vacib işlər görülüb. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşır. Həmçinin sosial-iqtisadi infrastrukturun qurulması istiqamətində işlər görülməkdədir. Ağdamın 1 nömrəli məktəbində, həmçinin tarixi-mədəni abidələr də restavrasiya işləri aparılır. Eləcə də şəhərdaxili yaşayış məhəllələrinin konsept həllərinin işlənilməsi və işçi layihələrin işlənilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq cari ilin ortasından bir sıra yaşayış məhəllələrinin tikintisinə başlanması nəzərdə tutulub. Dövlət Proqramında da göstərildiyi kimi, 2026-cı ilin sonunadək nəinki Ağdam şəhərinə, eləcə də ətraf kəndlərə insanların qayıtmasını təmin etməyi qarşımıza məqsəd qoyulub. Ağdam şəhərinə və ətraf kəndlərə 42 min adamın köçürülməsi nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, Kəngərli, Sarcalı və Xıdırlı kəndlərinin 1-ci və 2-ci mərhələ üzrə işçi layihə-smeta sənədləri hazırlanaraq ekspertizaya təqdim edilib. Ağdam rayonunun Eyvazxanbəyli kəndində, Atçılıq və Nəsilartırma Mərkəzinin konsepsiyası təsdiqlənib.

Ağdam şəhərinin layihələndirmə və tikinti işlərinə şəhər mərkəzini formalaşdıran tarixi mərkəzdən başlanılması qərara alınıb. Bu hissəyə Cümə məscidi, İşğal muzeyi, Pavilyon, Bayraq meydanı və Pənahəli xanın imarəti aiddir. Ağdam şəhərinin birinci yaşayış məhəlləsində 1139 mənzilin tikintisi və 4977 nəfərin köçürülməsi planlaşdırılır. İkinci yaşayış məhəlləsində 1261 mənzil tikiləcək və 5510 nəfər köçürüləcək. Hər iki faza üzrə işçi layihələrin hazırlanması üçün müqavilələr bağlanıb.

Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin sol tərəfində isə üçüncü və dördüncü yaşayış məhəlləsi yerləşəcək. Üçüncü yaşayış məhəlləsində 1239 mənzil inşa ediləcək və 5327 sakin köçürüləcək. Dördüncü yaşayış məhəlləsində isə 892 mənzil inşa ediləcək və 3835 nəfər köçürüləcək. Şəhərin şimalında salınacaq beşinci yaşayış məhəlləsində 1034 mənzil inşa ediləcək və 4446 sakinin ixtiyarına veriləcək.

Ağdamda əhalinin sosial həyatını təmin etmək məqsədilə 300 hektar ərazisi olan Meşə Parkının və Ağdamın Mərkəzi Parkının salınması prioritet məqsədlərdəndir. Bu məqsədlə artıq konsept həll üçün müsabiqə elan olunub.

Şəhərin infrastrukturu istiqamətində də işlər davam etməkdədir. 59 kilometr şəhərdaxili yolların və müvafiq kommunikasiya xətlərinin layihələri hazırlanaraq, ekspertizaya təqdim olunub. Qarabağ İqtisadi rayonunun “yaşıl enerji” zonası elan olunması ilə əlaqədar olaraq Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılması qərara alınıb. Ağdam şəhərinin Baş Planına əsasən inzibati ərazinin də layihələndirilməsi istiqamətində işlər başlanılıb.

İclasda Ağdam şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, elektrik enerjisi, su təminatı, rayonda ilk bərpa ediləcək kəndlərin tikinti layihələri, Tərtərçay sağ sahil kanalının yenidən qurulması və sair məsələlər müzakirə edilib.

Sonra tədbir iştirakçıları Ağdam şəhərində tikilən yaşayış binaları və 1 nömrəli məktəbə baxış keçiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər