21 Fevral 2023 12:33
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda bölgəni tərk etməli olacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan ərazisindəki erməni icması ilə mərkəzi hakimiyyət arasındakı dialoq ehtimalına diqqət çəkib:

“Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı çıxışında dedi ki, rəsmi Bakı Qarabağın erməni icması ilə dialoq hazırdır, ancaq mümkün danışıqlarda icmanı bölgədə doğulan ermənilər təmsil etməlidir: “Rusiyadan ixrac edilən Ruben Vardanyanla təmas olmayacaq”.

Vardanyan ikitərəfli təzyiq altındadır. Onun Qarabağda fəaliyyəti bölgə ermənilərinə də çətinlik yaradır. Odur ki, Vardanyanın bölgəni tərk edəcəyi ehtimalı var. Belə olan halda rəsmi Bakı erməni icmasından kim və ya kimlərlə dialoq keçə bilər?

Separatçıların başçısı Araik Arutyunyan Qarabağda doğulub, ancaq onunla da dialoq mümkün deyil. Çünki Azərbaycan bu separatçı haqda cinayət işi açıb, Gəncənin bombalanmasında rolu olduğunu etiraf edib.

Separatçıların keçmiş “xarici işlər naziri”, hazırda Arutyunyanın “müşavir”i olan David Babayan deyib ki, onları rəsmi Bakı ilə danışıqlarda kimin təmsil edəcəyini özləri müəyyənləşdirəcəklər. Babayanın sözlərinə görə, onların müəyyənləşdirəcəkləri şəxs Azərbaycanı yaxşı tanıyan biri olmalıdır. Babayanın sözlərindən anlaşılır ki, o və onun “lider”i də Vadranyanın Bakı ilə təmas qurması imkanlarının olmadığını etiraf edibər”.

Elxan Şahinoğlu qeyd edib ki, Bakının “separatçıların müəyyənləşdirəcəyi şəxs”lə danışıqlar aparması da imkansızdır:

“Biz erməni icması içərisində beyni tam zəhərlənməyən və mövcud reallıqları qəbul etməyə hazır olan şəxsləri axtarmalıyıq. Ancaq belələrini çətinliklə tapsaq da, bilməliyik ki, onlar əli silahlı separatçıların nəzarəti altında olacaqlar və “təlimatlar”dan kənara çıxa bilməyəcəklər.

1988-ci ildə Qarabağda separatçılıq başlayanda bunun yanlış olduğunu anlayan bir neçə erməni vardı, ancaq onların səslərini batırdılar və bir müddət sonra müəammalı şəkildə yoxa çıxdılar. Qərbə görüntü lazımdır ki, dialoq mövcuddur. Etiraz etmirik, ancaq şərtimiz də bəllidir: ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda bölgəni tərk etməli olacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər