28 Fevral 2023 13:44
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq Ermənistan-Azərbaycan danışıqlarında Qarabağ məsələsi müzakirə edilmir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.

Onun sözlərinə görə, iki ölkə arasında davam edən danışıqlarda sülh müqaviləsi və bura daxil olan məsələlər müzakirə edilir.

“Müxtəlif səviyyəli rəsmilərin Ermənistana səfərlərini nəzərə alanda, davam edən danışıqlar prosesinin hansı mərhələdə olduğu barədə təsəvvür əldə etmək çox çətindir. Bir tərəfdən Ermənistan bəyan edir ki, onun Qarabağla heç bir əlaqəsi yoxdur, Qarabağ erməniləri və Azərbaycan bir-biri ilə danışıqlar aparmalıdır, digər tərəfdən isə Ermənistandan hansısa fikir və mövqeyə aydınlıq gətirməyə çalışırlar”, - Balasanyan bildirib.

Ekspert rəsmi Bakı və İrəvanın onlayn danışıqlara və ya diplomatiyaya keçmələrinə də toxunub:

“Bu sübut edir ki, Azərbaycan birmənalı şəkildə Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayıra bildi. Başqa sözlə, Ermənistanla Azərbaycan arasında mümkün razılaşmanın Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur”.

Balasanyan artıq “status” kimi bədnam prinsiplərin masada olmadığını iddia edib: “Ermənistan kənara çəkilib və bu prosesdə iştirak etmir”.

Ekspert Ermənistanın Qarabağ məsələsini Azərbaycanın daxili işi kimi qəbul etdiyini, bu səbəbdən bununla bağlı müzakirələrin Qarabağ erməniləri və Bakı arasında aparılmalı olduğunu açıqladığını bildirib.

Sülh müqaviləsinə gəldikdə, Balasanyan qeyd edib ki, danışıqlar “Vaşinqton variantı” üzrə davam edir:

“Avropa rəsmilərinin Ermənistana çatma sürətini nəzərə alsaq, hesab edirəm ki, “Vaşinqton versiyası” müzakirə olunur. Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sərkis Xandanyan ötən gün ATƏT-də çıxış edərək problemi indi həll etmək istədiklərini açıqladı. Bu o deməkdir ki, “Vaşinqton versiyası” müzakirə edilir, çünki “Moskva versiyası”nda Qarabağ məsələsinin həlli qeyri-müəyyən vaxtda saxlanılır.

“Vaşinqton versiyası”nda isə əksinədir, orada qeyd olunur ki, məsələ indi həll olunmalı, Rusiya sülhməramlılarını geri çəkməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər