14 Mart 2023 13:44
6 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb Cənubi Qafqazda Azərbaycan-Türkiyə-İsrail tandemini gücləndirməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.

Ekspert ABŞ və Avropa Birliyinin bölgədə formalaşan yeni geosiyasi düzəndə güclü Azərbaycan görmək istədiyini də iddia edib.

“ABŞ-ın şəksiz dəstəyini alan İsrailin İrana qarşı hərbi-siyasi demarşı Türkiyə və Azərbaycanın bölgədəki önəmini artırır. Bu halda Azərbaycanın enerji yox, regional və geosiyasi əhəmiyyəti daha çox önə çıxır və ya artır. Qərbə bölgədə çox güclü Azərbaycan lazımdır”. – Poqosyan bildirib.

Onun sözlərinə görə, Qərb nəyin bahasına olur-olsun, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq istəyir:

“Qərb böyük regional islahatlar çərçivəsində Ermənistanı neytrallaşdırmaq və Azərbaycan-Türkiyə-İsrail tandemini gücləndirmək və ona dayaq təmin etmək üçün nəyin bahasına olur-olsun, Ermənistanın sülh müqaviləsini imzalamasına nail olmağa çalışacaq. Qərb bunu ən qısa vaxtda əldə etmək istəyir”.

Poqosyan iddia edir ki, bölgədəki yeni geosiyasi düzəndə Azərbaycan mühüm - xüsusi statusa malik olacaq.

“İndi ən azı üç strateji istiqamət üzrə hazırlıq gedir: Qarabağ probleminin (reinteqrasiya məsələsinin) yekun həlli; Zəngəzur üzərindən Türkiyəyə dəhlizin açılması və Ermənistanın təhlükəsizliyi məqsədilə bir neytral ölkənin silahlı qüvvələrinin yerləşdirilməsi”, - politoloq qeyd edib.

Poqosyana görə, həmin neytral ölkə Türkiyə olacaq və gələcəkdə türk hərbi qüvvələri Ermənistanda yerləşdiriləcək.

“Bütün bunların həyata keçməsi üçün bütün tərəflər sülh sazişi” əldə etməyə çalışırlar”, - ekspert əlavə edib.

Poqosyan deyib ki, Rusiya da bölgədə dəyişən reallıqla barışır:

“Postsovet məkanındakı son proseslər göstərdi ki, Rusiya da öz xarici siyasət gündəmini situasiya diplomatiyası üzərində qurub. Bunun müəllifi isə zamanla sərt diplomatik dilini göstərən Rusiya xarici işlər naziri Lavrovdur”.

Onun iddiasına görə, Rusiyanın bu gün tutduğu mövqe Ermənistanın maraqlarına uyğun deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər