Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, sülh sazişiylə bağlı Bakıya göndərdikləri təkliflərə cavab alıblar. Paşinyan Bakının cavabında sülh sazişinin imzalanması üçün irəliləyiş olduğunu desə də, əlavəsini unutmayıb: “Daha çox irəlilədikcə fundamental problemlərin sayı artır”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Paşinyan “fundamental problemlər” dedikdə nələri nəzərdə tutub?
Mərkəzin ekspertləri bununla bağlı bir neçə ehtimalı sadalayıblar:
“Birincisi, Paşinyan Bakıdan aldığı cavabdan bu qənaətə gəlib ki, Azərbaycan sülh sazişi vasitəsilə “Ermənistana qarşı ərazi iddiaları”nı reallaşdırmaq istəyir. Yəqin Paşinyan Azərbaycanın Qərbi Zəngəzurda məskunlaşma ilə bağlı siyasətini nəzərə tutub. O, bunu Ermənistana qarşı “ərazi iddiası” kimi qəbul edir. Halbuki söhbət ərazi iddiasından deyil, azərbaycanlıların qovulduqları yerlərə qayıtmaq hüququndan gedir. Qarabağda ermənilər yaşayacaqlarsa, Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır. Paşinyan bu ədalətli modelin əleyhinədir.
İkincisi, Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanla sülh sazişi vasitəsilə “Dağlıq Qarabağda etnik təmizləmə mandatı” əldə etmək istəyir. Yəni Paşinyan demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda “ermənilərin kütləvi köçü” həyata keçiriləcək və bu halda İrəvan buna mane ola bilməyəcək. Paşinyan bu zaman “soyqırımı” ifadəsini işlədib. Reallıqda Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması şərti var”.
Üçüncü amilə gəldikdə, təhlildə qeyd olunur ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağı halda bunun yerinə yetiriləcəyinə dair təminat tələb edib, bunsuz sənədin işlək olmayacağını bildirib və misal olaraq, Azərbaycanın 10 noyabr bəyanatına əks olaraq yolu “bağlamasını” göstərib:
“Paşinyan sülh sazişinə beynəlxalq təminat istəyir. Belə bir təminat Azərbaycanın maraqlarına zidd deyil, sadəcə Ermənistanla sülh sazişi 10 noyabr üçtərəfli bəyanatından fərqli olacaq.
Dördüncüsü, Paşinyan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin İrəvan üçün ilkin əhəmiyyət daşıdığını vurğulayıb. Belə çıxır ki, Paşinyan sənəddə Qarabağla bağlı müddəanın əks olunmasını fikrindən imtina etməyib. Bu, Azərbaycanın maraqlarına ziddir.
Beləliklə, İkinci Qarabağ müharibəsi Paşinyana dərs olmayıb, o, sülh sazişini imzalamağa hazır deyil, vaxtı uzatmağa çalışır. Ancaq Ermənistan baş naziri vaxtı uzadarkən, bölgədə müharibə riskinin artdığını da etiraf edib”.