Azərbaycan hərbi qüvvələri Gorusun Tex kəndi istiqamətində 5 kilometr irəliləyib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Yerkir Sirani” partiyasının sədri Zaruhi Postancyan deyib.
“Üç gün əvvəl kifayət qədər uzun - təxminən 5 min metr irəlilədilər. Bundan sonra müdafiə ordumuzun hərbçiləri mövqelərini (Tex kəndi istiqamətində) tərk etdilər, azərbaycanlılar isə irəli çıxdılar”, - partiya sədri bildirib.
Postancyan qeyd edib ki, bundan sonra Ermənistan Müdafiə Nazirliyi sözügedən ərazidən geri çəkilən erməni qüvvələrini əvəz edəcək heç bir bölmə göndərməyib: “Azərbaycanlılar isə hərbçilərimizin geri çəkildikləri mövqelərdə yerləşdilər”.
Partiya sədri bütün bunların silahlı qarşıdurma olmadan baş verdiyini söyləyib. Postancyan bunun qarşılıqlı razılaşma əsasında olduğunu iddia edir və deyir ki, Azərbaycan hərbçilərinin gəlməsindən sonra ermənilərlə yanaşı, ruslar da geri çəkiliblər.
Erməni siyasətçi qeyd edib ki, Tex kəndi yaxınlığındakı bu ərazidə şəxsiyyəti təsdiq edən sənədlərin yoxlanıldığı Rusiya sülhməramlılarının nəzarət etdikləri nəzarət-buraxılış məntəqəsi olub: “İndi bu məntəqə uzaqda qalıb”.
Postancyan Rusiya sülhməramlılarının dayandıqları yeni buraxılış məntəqəsinin (yeni Laçın yolunda) yeni salınmış yolda, çayın sağında yerləşdiyini vurğulayıb.