8 Aprel 2023 20:27
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük maneələrdən biri minalar və partlamamış hərbi sursatlardır.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Express” nəşrində dərc olunan “Azərbaycan Hirosimasının müharibə aparan torpaqlarından” adlı məqalədə deyilib.

“Bəzi hesablamalara görə, bu ərazidə azı 400 min mina yerləşdirilib. Keçmiş təmas xətti ən çox minalanmış ərazidir”, - yazıda qeyd olunub.

Ağdam rayonuna səfər edən məqalə müəllifi dağıntı və xarabalıqların, demək olar ki, total xarakter daşıdığını vurğulayıb: “Mövcud sübutlar təkzibedilməz şəkildə bu torpaqlarda Azərbaycan xalqının, onun mədəniyyətinin hər hansı izini yox etmək üçün hesablanmış və düşünülmüş cəhddən danışır”.

“Bir vaxtlar rayon ipək və toxuculuq istehsalı ilə ün qazanmışdı. Digər şeylərlə yanaşı, parlaq rəng çalarları ilə tanınan Qarabağ xalçaları da burada istehsal olunurdu. Burada Qarabağ atları da yetişdirilirdi ki, onlardan biri də ötən ilin mayında Böyük Britaniyanın mərhum kraliçası II Elizabetə ərməğan edilmişdi”, - nəşr xatırladıb.

Məqalədə bildirilib ki, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi sonucunda Azərbaycan itirilmiş ərazilərini qaytara bilib.

“Hazırda iki tərəf arasında gərginlik yüksək olaraq qalır və uzunmüddətli sülh sazişinin real perspektivi gözlənilmir”, - müəllif qənaətə gəlib.

Jurnalist qeyd edib ki, ermənilərin törətdiyi böyük dağıntıların bəlkə də ən parlaq və sərt sübutu bəzən “Qafqaz Hirosiması” adlandırılan Ağdam şəhəridir.

“Ağdam müharibədən öncə 40 000-dən çox əhalisi olan dinamik ticarət mərkəzi idi, lakin amansız hava “xalça bombardmanına” uğramış şəhəri xatırladan xarabalığa çevrildi. Yalnız keçmiş dram teatrının, poçt şöbəsinin və mərkəzi qonaq evinin bəzi divarları qalıb”, - yazıda bildirilib.

Eyni zamanda, britaniyalı jurnalist qeyd edib ki, işğaldan azad edilmiş ərazilər “küldən çıxan feniks quşu” kimi bərpa olunacaq və Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin oraya qaytarılması məsələsini siyasi gündəliyin əsas bəndi kimi qarşıya qoyub: “İnfrastrukturun bərpası proqramının ən diqqətçəkən xüsusiyyətlərindən biri bərpa olunan enerji və sıfır CO2 emissiyası ilə bağlı öhdəlikdir. Qarabağda günəş, külək və su enerjisi şəklində çoxlu yaşıl enerji mənbələri var. Onun bərpa olunan potensialı ildə 10 giqavatdan çox qiymətləndirilir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər