25 Aprel 2023 12:56
2 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Rusiya xarici işlər naziri Sergey Lavrovun müqavimətinə baxmayaraq, Laçın yolunun başlanğıcında (Ermənistanla sərhəddə) sərhəd-buraxılış məntəqəsini qurdu”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Xankəndidəki separatçıların belə bir gəlişməni heç istəmədiklərini bildirir. Qəzet qeyd edir ki, separatçılar daşınan yüklərin uzaqdan rentgen skaner cihazları ilə yoxlanılmasını istəyirdilər, Laçın yolunun başlanğıcında Azərbaycan əsgərlərinin yerləşdirilməsini yox.

“Hraparak” qeyd edir ki, keçid məntəqəsinin quraşdırılması təkcə yük maşınlarının yoxlanılmasını deyil, həm də pasport rejiminin təsdiqini nəzərdə tutur və burada nəzarəti azərbaycanlılar özləri həyata keçirəcəklər.

Erməni nəşri xatırladır ki, Lavrov Bakıya sonuncu səfərində Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmayacağını, bəlkə rentgen cihazlarının quraşdırılması ilə bağlı kompromis əldə olunacağını bildirmişdi. Qəzet Lavrovun Bakıya mane ola bilmədiyini yazır.

Məqalədə bildirilir ki, srağagün separatçılar bütün günü müzakirə aparıblar:

“Araik Arutyunyan iclas iştirakçılarına deyib ki, sülhməramlı qoşunların rəhbərliyi ilə danışıb, ona söyləyiblər ki, hadisə barədə öz rəislərinə məlumat veriblər, cavab gözləyirlər. Bundan əlavə, Arutyunyan qeyd edib ki, Paşinyanla Putin arasında telefon danışığı gözlənilir, bundan sonra Ermənistan baş naziri ona Moskvanın rəsmi mövqeyini çatdıracaq. Dünən iş gününün sonuna qədər telefon danışığı baş tutmayıb. Bazar günü Xankəndidə təşkil olunan yürüşün iştirakçıları da Arutyunyandan baş verənlərlə bağlı izahat istəyiblər. Amma onlara Ermənistan hakimiyyətinin hələ heç nə bilmədiyini və cavab gözlədiyini bildiriblər”.

Erməni nəşri iddia edir ki, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması həm də Bakı və İrəvan arasındakı anlaşmanın nəticəsidir:

“Bunu Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı ötən həftə parlamentdə verdiyi bəyanatı da sübut edir. İndi ikinci mərhələ başlayıb, yəni razılaşmanın icrası”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər