Ötən gün Təşəbbüs Qrupunun Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının mərkəzi ofisində Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi bir neçə saatlıq toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, “Hraparak” qəzeti baş nazirin toplantıda Azərbaycanla sülh danışıqları və Qarabağ məsələsi ilə bağlı açıq etiraflar etdiyini yazır.
Qəzet hakim partiyadakı mənbələrinə istinadla bildirir ki, iclas iştirakçıları Ermənistanın təhlükəsizliyini, Azərbaycanla münasibətləri, sülh müqaviləsinin imzalanması və xarici siyasətlə bağlı məsələləri müzakirə ediblər:
“Paşinyan partiya üzvlərindən gizlətmədi ki, həm Ermənistan, həm də Qarabağ erməniləri üçün çətin günlərdir. O vurğulayıb ki, beynəlxalq ictimaiyyət də problemləri tez bir zamanda həll etməyə, sülh müqaviləsini imzalamağa çağırır, hər kəs bunlardan bezib.
Paşinyan şəxsən hesab edir ki, Ermənistanın yaxın üç ildə mövcud olma şansı dözmək, status-kvonu uzatmaqdır. Həmin üç il ərzində Paşinyanın fikrincə, Ermənistan silahlanacaq, güclənəcək və müxtəlif mövqelərdən çıxış edəcək. Baş nazir Qarabağdakı durumdan danışaraq, bunun “taleyüklü məqam” olduğunu söyləyib, amma bütün məsuliyyət yükünü yenidən Rusiyanın çiyninə qoyub. Onun sözlərinə görə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, müqavimət göstərmək iqtidarında deyil.
Paşinyan Qarabağla bağlı deyib ki, əlbəttə, "ən yaxşı həll bütün tərəflərin öz müqəddəratını təyinetmə hüququ”nu nəzərdən keçirməsi olardı, amma bu, real deyil. O, yenidən Qarabağın Azərbaycana reinteqrasiyasının zəruriliyinə eyham vurub”.