Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına “töhfə” vermək niyyətində olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Fransa lideri iki ölkə arasında sülhün əldə edilməsi üçün danışıqların davam etdirilməsində maraqlı olduğunu deyib.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Almaniya Kansleri Olaf Şolzla birlikdə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla iki tərəf arasında nizamlanma prosesini davam etdirmək və Ermənistanla Azərbaycan arasında dinc münasibətləri təşviq etmək üçün görüşdük”, - Makron bildirib.
Fransa liderinin Qarabağla bağlı yanaşması separatizmə dəstək xarakterində olub. Onun sözlərinə görə, nizamlanma çərçivəsində "Qarabağ ermənilərinin təhlükəsizliyinə və milli azlıqların hüquqlarına hörmət edilməsi”nə nail olmaq lazımdır. Makron qeyd edib ki, o və həmkarları bunu çox vacib məsələ hesab edirlər.
Azərbaycan, Avropa İttifaqı, Ermənistan və Fransa rəhbərləri arasında beştərəfli görüş dünən Moldovanın paytaxtı Kişinyovda keçirilib.