"27 sentyabr 2020-ci il tarixində Ermənistan Respublikasının başladığı yeni təcavüzkar müharibənin gedişatı zamanı müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən əks-hücum nəticəsində düşmənin tapdağı altında olan ərazilər düşməndən azad edildi və həmin dövrdən etibarən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarış prosesinə başlanıldı".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən dövr ərzində Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalının Fərrux kəndində, Füzulinin Yuxarı Seyidəhmədli kəndində və digər yaşayış məntəqələrində aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyiti qalıqları aşkar edilib.
"Bu gün Şuşa həbsxanasının həndəvərində aşkar olunan kütləvi məzarlıqla birlikdə söylədiklərimin əyani şahidi olursunuz. Hazırda Şuşa həbsxanasının ərazisindəyik və burada ən azı 4 insan meyit qalığı müəyyən edilib. Onların Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlıların meyit qalıqları olması ehtimal olunur".
Daha sonra Emil Tağıyev istintaq materiallarına istinadən hazırlanmış video və foto görüntüləri nümayiş etdirib.