Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslərin Laçın sərhəd-buraxılış məntəqəsindən keçmələrinə icazə verilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçılarının Laçın keçid məntəqəsindən keçməsinə icazə verilmir. Əldə etdiyimiz məlumata görə, Azərbaycan hərbçiləri müvafiq qanunvericilik dəyişiklikləri hazırlanmayana, məhkəmə prosesləri və ya cinayət işləri başa çatmayana qədər Qarabağı tərk etmək hüququna malik olmadıqlarını bildirib, bu müddət ərzində onlar ya mühakimə olunacaqlar, ya da bəraət alacaqlar”, - məlumatda qeyd olunub.
Qəzet qeyd edib ki, Azərbaycan hərbçilərində 500 nəfərin adı olan siyahı var.
İddiaya görə, siyahıya separatçı general Vitali Balasanyanın, eləcə də bir çox erməni general və komandirlərinin də adları daxil edilib.
Balasanyan 90-cı illərdə Azərbaycana qarşı işğalçı müharibənin və törədilmiş hərbi cinayətlərin iştirakçılarından biridir.