“Ermənilərin sərhəddəki təxribatları Qarabağın dağlıq hissəsinə sıçraya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib:
“Ermənilərin “Arabo” dəstəsinin komandiri Manvel Yeqizaryan deyib:
“Çox çətin vəziyyət yaranıb. Hətta mən çıxış yolu görmürəm. İşləri o qədər mürəkkəbləşdiriblər ki, vəziyyəti başa düşməyə belə yaxın deyiləm. Nə etdiklərini, necə çətinləşdirdiklərini bilmirəm. Total səfərbərlik elan etməliyik, kilsələr zəng çalmalı, ermənilər bir araya gətirib bütün bunlara son qoymalıyıq. Ayıbdır, siyasi sahədə bizə hörmət edilmir, bizi zəif xalq hesab edirlər”.
Ədalət Verdiyevin fikrincə, Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi, avropalı müşahidəçilərin bölgədən təcili təxliyə edilməsi və Qarabağdakı seperatçı rejimə yaxın Manvel Yeqizaryanın son bəyanatı erməni ordusunun yaxın perspektivdə şərti sərhəddə gözlənilən təxribatlarının həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə (Qarabağ) sıçraya biləcəyini ehtimal etməyə əsas verir: “Odur ki, ayıq-sayıq olmalıyıq, müşahidə və kəşfiyyat sistemini gücləndirməliyik, düşmən yerdəyişmələrini xüsusi diqqətlə izləməliyik. Düşmənin ağır və iriçaplı silahlarının birinci eşalona və əsgərimizin həyatına təhlükə yaradacaq məsafəyə qədər yaxınlaşmasına imkan verməli deyilik”.