“Qarabağ məsələsinin tarixində ilk mərhələlərdən biri ATƏT-in Lissabon sammiti və Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1997-ci il noyabrın 1-də dərc etdiyi kompromislərin zəruriliyindən bəhs edən “Müharibə, yoxsa sülh? Ciddi olmaq anı” adlı məqalədir. Ter-Petrosyanın dediklərini ümumiləşdirsək, məlum olur ki, status-kvonu uzun müddət saxlamaq mümkün deyil, gəlin özümüzü aldatmayaq və boş ümidlərə qapılmayaq, “Qarabağın müstəqilliyi məsələsi”ndə bizim müttəfiqimiz yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilmə zamanı deyib.
“Ter-Petrosyanın fikrincə, biz diqqəti başqa bir məsələyə yönəltməliyik ki, qarşıdakı minillikdə də Qarabağ ermənilərin məskunlaşdığı yer kimi qalsın. Bütün bunlara paralel olaraq, Ter-Petrosyan öz məqaləsində Qarabağın sonda hansı statusa malik olacağı sualına aydın və sözsüz cavab vermir: “müstəqil”, Ermənistan, yoxsa Azərbaycanın tərkibində olacaq? Məqalənin dərcindən düz bir il əvvəl Ter-Petrosyan prezident seçkilərində “Qələbə, sabitlik, tərəqqi” şüarı ilə iştirak edərkən, seçkilərdən bir il sonra qələbədən yox, sülhdən danışırdı. Həmin məqalədə Ter-Petrosyan xatırladır ki, Qarabağ və Ermənistanda münaqişənin həlli prosesi ilə bağlı yalnız altı nəfər ekspert səviyyəsində məlumatlıdır. Ümumilikdə heç bir sirr yox idi, çünki bütün sirlər o vaxt ictimaiyyətə açıq olmayan sənədlərdə açıqlanırdı”, - baş nazir vurğulayıb.