4 İyul 2023 12:54
2 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqu davam etdirmək istəyir. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan təmsilçiləri ilə Qarabağ erməniləri arasında bir neçə dəfə dialoq olub. Müzakirələr rusiyalı hərbçilərin vasitəçiliyi ilə Xocalıda olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri deyirlər ki, Prezident Administrasiyası bir neçə dəfə açıqlama verərək, müzakirəni davam etdirmək üçün Qarabağ ermənilərini Bakıya gəlməyi təklif edib:

“Qarabağ erməniləri Bakıya gəlməkdən imtina ediblər. Birincisi, Qarabağ erməniləri Bakıya gəlməkdən ona görə imtina ediblər ki, bu onların Azərbaycanın ərazi bütövlüyünü qəbulu anlamına gələcək. İkincisi, Bakıdakı görüşdə Rusiya hərbi kontingentinin hərbçiləri olmayacaq, ermənilər isə rusiyalı vasitəçilər olmadan Azərbaycan rəsmiləri ilə görüşdən qorxurlar.

Buna baxmayaraq, Qarabağ erməniləri məcbur qalıb Bakıya qələcəklər. Çünki Qarabağda separatçıların nəzarət etdiyi hissədə iqtisadi-sosial vəziyyət ağırlaşıb. Separatçıların “dövlət naziri” Qurgen Nersisyan “hökumətin” toplantısında qəbul edilən qərarları elan edib: Qarabağdakı ailələrə şəkər tozu və yağ məhsulları xüsusi yerlərdə paylanacaq; Yanacaq çatışmazlığı olduğundan ictimai nəqliyyatın və xidməti maşınların hərəkəti məhdudlaşdırılacaq. Bu səbəbdən “dövlət idarəsi”nin işçiləri evlərindən çalışacaqlar.

Qarabağ separatçıları anlayırlar ki, onlar üçün halqa daralıb, Rusiya hərbi kontingenti iki ildən sonra bölgəni tərk edəcək, Ermənistan Qarabağ separatçılarına dəstək verə bilməyəcək, sərhəd Azərbaycanın nəzarətindədir. Belə olan halda Qarabağ ermənilərinin yeganə alternativi Azərbaycan təmsilçiləri ilə dialoqu davam etdirmək və Bakının şərtlərini qəbul etmək olacaq.

Qarabağ separatçılarının lideri Araik Arutyunyan son çıxışlarının birində Bakının tələbini səsləndirib: “Bakı bizimlə ancaq Qarabağın və ermənilərin Azərbaycana reinteqrasiyasını müzakirə etmək istəyir. Bu, Bakının tələbidir”.

Arutyunyan Bakının Qarabağda qondarma qurumun buraxılması və qeyri-qanuni silahlı birləşmələrin tərksilah olunmasını tələb etdiyini də xatırladıb. Araik ötən ilin oktyabrında Ermənistan televiziya kanalına verdiyi müsahibədə də onların Bakı ilə danışıqlardan başqa alternativlərinin olmadığını bildirmişdi. Bir il ərzində erməni separatçılarının durumu daha da ağırlaşıb. Ona görə də Araik Arutyunyan Bakı ilə dialoqu qəbul etmək barədə düşünür”.

Təhlildə vurğulanır ki, ermənilər arasında Bakı ilə dialoqun vacibliyini deyən başqaları da var:

“Qarabağ separatçılarının “təhlükəsizlik şurasının keçmiş katibi” və hazırda “vahid vətən partiyasının” rəhbəri Samvel Babayan da Bakı ilə dialoqun tərəfdarıdır. O, bununla bağlı bir neçə dəfə çağırış edib. Bildirib ki, Bakı ilə dialoqun başlaması zəruridir: “İnam yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışmaq lazımdır ki, insanlar dinc və normal yaşasınlar. Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik”.

Aydındır ki, Qarabağ separatçıları Bakı ilə dialoqu davam etdirməyə razılaşsalar da, bu onların öz istəkləri ilə tərksilah olunması və Azərbaycan qanunları ilə yaşamağa hazır olmaları anlamına gəlməyəcək. Onlar müqavimət göstərməyə çalışacaqlar. Ancaq separatçılar onu da anlayırlar ki, zaman onların əleyhinə işləyir. Qarabağın əsas kommunikasiya xətləri Azərbaycan ordusunun nəzarəti altındadır, keçmiş illərdə olduğu kimi Laçın yolundan Ermənistandan Qarabağa silah və hərbi texnika keçirmək mümkün deyil. Bu durum Qarabağın dağlıq hissəsində ərazi bütövlüyümüzün tam bərpası gününü yaxınlaşdırır.

Təsadüfi deyil ki, Azərbaycanda “Qisas-3” əməliyyatı barədə açıqlamalar çoxalıb, hətta dövlət televiziyasının internet saytında bu mövzuyla bağlı sorğu da keçirilir. Bu əməliyyat Azərbaycan ərazisində separatizmin sonunu gətirməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər